İQTİSADİYYAT
Hesablama Palatası kollegiyasının iclası keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və agentlik üzrə və büdcədənkənar daxilolmaların formalaşması və istifadəsinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə qəbul edilmiş təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərar qəbul edilib.