İQTİSADİYYAT
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında dövlət büdcəsindən Gənclər və İdman Nazirliyi aparatının saxlanılmasına və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və tədbirlərə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ayrılmış vəsaitlərin, eyni zamanda Akademiyanın büdcədənkənar daxilolmaları üzrə vəsaitlərin, həmçinin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xəzər rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən AMEA-nın Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Göygöl rayon Mərkəzi Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Mədəniyyət və Turizm idarəsinə və struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair bir sıra nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.