İQTİSADİYYAT
Hesablama Palatasında keçirilən nəzarət tədbiri üzrə hesabat müzakirə olunub
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında 2017-ci ilin iş planına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair həyata keçirilmiş nəzarət tədbiri üzrə hesabat müzakirə olunub.
Kollegiya iclasına dəvət olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdiri Nizami Əhmədov və şöbə müdirinin müavini Bəyəli Xəlilov kollegiya üzvlərinin suallarını cavablandırıblar.
İclasda nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumuna təqdimatın göndərilməsi və audit tədbirinin nəticəsi barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.