İQTİSADİYYAT


Hesablama Palatasının Kollegiyası bu ilin altı ayında 42 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edib

A+ A

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası cari ilin altı ayı ərzində 2016-cı ilin İş Planına aid 42 nəzarət tədbirinin başlanılması və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 17-si audit, 2-si isə analitik təhlil işləri olub. Eyni zamanda, hesabat dövründə 2015-ci ilin İş Planına aid 2 audit tədbirinin nəticələri üzrə qərarlar təsdiq edilib. 2016-cı ilin İş Planına əsasən dövlət büdcəsi xərcləri üzrə 15, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb olunmuş vəsaitlərlə bağlı bir, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin istifadəsi ilə bağlı bir audit tədbirinin nəticəsi üzrə qərar qəbul edilib. Hesabat dövründə “Rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinin təhlili” və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinin təhlili” mövzusunda analitik təhlil işləri də aparılıb.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri üzrə aparılmış 15 audit tədbirinin əhatə dairəsi 1178,6 milyon manat təşkil edib. Həmin məbləğin 6,7 faizi 2013-cü ildə, 33,6 faizi 2014-cü ildə, 53,3 faizi 2015-ci ildə və 6,3 faizi 2016-cı ildə xərclənmiş vəsaitlərdir. Nəticələri ilə bağlı qərar qəbul edilmiş auditlərin əhatə etdiyi vəsaitlərin 75,6 faizini cari və 24,4 faizini əsaslı xərclər təşkil edib. Qeyd edək ki, əməktutumlu xərclərin cari xərclərdə xüsusi çəkisi 52,1 faiz olub. Həmin nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 74,5 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 25,5 faizi isə yerli xərcləri üzrə olub. Audit tədbirlərinin 9-u Bakı şəhərində, 8-i isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb. Həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 51,4 faizi mərkəzi icra hakimiyyəti orqanları, 34,9 faizi yerli icra hakimiyyəti orqanları və 13,7 faizi digər dövlət qurumları tərəfindən icra edilib.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsi üzrə 1 tədbirdən ibarət olmuş və bu nəzarət tədbiri ilə 97,3 milyon manat vəsait əhatə olunub. Hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbiri isə 2,2 milyon manat və 63,8 milyon ABŞ dolları məbləğində vəsaiti əhatə edib.

Nəticəsi ilə bağlı Kollegiya Qərarı qəbul olunmuş auditlərdə əsasən 2014-2015-ci illər üzrə olmaqla müxtəlif nöqsanlar müəyyən olunub. Nöqsanların təsnifatı üzrə qruplaşdırdıqda həmin nöqsanların 50,2 faizi büdcə qanunvericiliyinin, 13,4 faizi dövlət satınalmaları, 11,5 faizi mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması, 8,8 faizi sosial müdafiə və sosial təminat, 6,9 faizi dövlət investisiya xərcləri, 2,7 faizi vergi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olub, nöqsanların 6,5 faizini ayrı-ayrı istiqamətlər üzrə müxtəlif xarakterli nöqsanlar təşkil edib.

Büdcə sahəsində qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi ilə bağlı nöqsanların tərkibində iki əsas nöqsan qrupunun xüsusi çəkisi daha yüksək olub. Birinci qrup nöqsanlara vəsaitin icrası prosesində Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodunun və funksional istiqamətinin dəyişdirilməsi, həmçinin xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə vəsaitin yönəldilməsi ilə bağlı nöqsanlar aid edilib. Bu, 33,7 milyon manat, o cümlədən 2013-cü ildə 1,6 milyon manat, 2014-cü ildə 4,1 milyon manat, 2015-ci ildə 27,6 milyon manat və 2016-cı ilin birinci rübündə 0,4 milyon manat təşkil edib. Həmin vəsaitin 1,8 milyon manatı və ya 25,5 faizi iqtisadi təsnifat kodunun, 17,9 milyon manatı və ya 53,1 faizi funksional istiqamətin dəyişdirilməsi ilə icra edilib, 7,1 milyon manat məbləğində vəsait isə xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə yönəldilib. İkinci qrup nöqsanlara əməyin ödənilməsi ilə bağlı müəyyən olunmuş nöqsanlar aid edilmiş və 31,3 faiz xüsusi çəkiyə malik olub. Əməyin ödənilməsi sahəsində əsasən tarif və ixtisas dərəcələrinin, həmçinin əlavələrin düzgün hesablanılmaması, dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi aktlara tələblərinə riayət olunmaması kimi nöqsanlara yol verilib, həmin nöqsanların müəyyən hissəsi artıq saxlanılmış ştatlar, dərs saatları, həmçinin artıq və paralel siniflərin saxlanılması ilə bağlı olub.

Bu ilin altı ayı ərzində aparılmış nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 217,7 milyon manat təşkil edib. Cari ilin ötən dövründə auditlərlə ilə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş satınalmalar 212,5 milyon manat olmaqla 851 satınalma müqaviləsini əhatə edib. Bu məbləğin 106,3 milyon manatı və ya 50,1 faizi bir mənbədən satınalma, 51,2 milyon manatı və ya 24,1 faizi tender, 43,0 milyon manatı və ya 20,2 faizi təkliflər sorğusu və 12,0 milyon manatı və ya 5,6 faizi isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil edib. Bundan əlavə, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbiri isə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 73,3 milyon manat, 17,8 milyon ABŞ dolları məbləğində vəsait əhatə olunub. Ümumi məbləğdən 5,2 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 7,5 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.

Hesabat dövründə malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə edib, o cümlədən 69 halda ehtimal olunan qiymətin müəyyən düzgün müəyyən olunmaması, 116 halda malgöndərəndən (podratçılardan) ixtisas dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı zəruri məlumatların, o cümlədən maliyyə vəziyyəti ilə bağlı məlumatların alınmaması, 31 halda satınalma üzrə elanların və nəticələrin, habelə bağlanmış satınalmaların rəsmi internet saytında yerləşdirilməməsi, 6 halda müvafiq qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gəlməyən iddiaçılarla müqavilələrin bağlanılması, 37 halda müqavilə üzrə tenderin əsas şərtlər toplusunda göstərilməyən hallarda satınalma müqaviləsi ilə nəzərdə tutulmuş şərtlərin (o cümlədən qiymətin və müddətin) dəyişdirilməsi hallarına rast gəlinib.

Həmçinin nəzarət tədbirləri ilə büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqlar anbarda uzun müddət istifadəsiz saxlanılması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 milyon manat və 2,9 milyon ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilib.

Bu ilin 6 ayı ərzində Hesablama Palatası tərəfindən nəzarət tədbirlərinin nəticələri üzrə 21, o cümlədən 2015-ci ilin İş Planı üzrə müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədilə bir təqdimat, həmçinin ötən ildə həyata keçirilmiş auditin nəticələri əsasında xəzinə hesablarının bağlanılması ilə bağlı bir təqdimat verilib. 2016-cı ilin İş Planına uyğun nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri, həmçinin 2015-ci ildə fəaliyyətlə bağlı hesabata daxil edilməmiş audit tədbirləri üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq müvafiq olaraq 2,5 milyon manat və 3,8 milyon manat məbləğində, ümumilikdə isə 6,3 milyon manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

Nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq olunub, o cümlədən 4 nəfər işdən azad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.