İQTİSADİYYAT
Hesablama Palatasının audit üzrə nəzarət tədbirlərinin proqramı təsdiqlənib
Bakı, 11 may, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında 2017-ci ilin iş planı üzrə həyata keçirilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair; Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda Palatanın 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiqlənib.
Həmçinin aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.