İQTİSADİYYAT
Hesablama Palatasının bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiqlənib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin yerli xərclərindən İmişli rayon təhsil şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq edilib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiqlənib.