İQTİSADİYYAT
Hesablama Palatasının bu il nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiqlənib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair audit; Dünya Bankından kreditlər cəlb edilməklə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən həyata keçirilən "Sudan istifadə edənlər birliklərinin inkişafına dəstək" layihəsi üzrə vəsaitlərdən istifadəsinə dair audit; rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə dair təhlil; "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlilin nəticələri müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada Hesablama Palatasının 2016-cı ilin iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı audit proqramları təsdiq edilib.
İclasda, həmçinin Hesablama Palatasının cari ildə nəzarət tədbirlərinin nəticələri üzrə göndərilmiş təqdimatların icra vəziyyəti ilə bağlı məlumat dinlənilib, bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.