İQTİSADİYYAT
Hesablama Palatasının bu il nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramları təsdiqlənib
Bakı, 27 iyul, AZƏRTAC
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin yerli xərclərindən Şəmkir Rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin yerli xərclərindən Ucar Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 22 iyun tarixli Sərəncamı ilə 23 iyun – dövlət qulluğu günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılan Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdirləri Vəfa Mütəllimova, Azim Abasov, Hilal Hüseynovun medalları onlara təqdim edilib.
Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin əməkdaşı Şəkur Seyidovun təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ona təqdim olunmaq üçün Naxçıvan Muxtar Respublikasına göndərilib.