İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı Bişkekdə keçirilən beynəlxalq tədbirdə iştirak edib
Bakı, 1 iyun, AZƏRTAC
Hesablama Palatasının sektor müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin Ali Maliyyə Nəzarəti Orqanları Şurasının Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 9-cu iclasında iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Rusiya, Qırğızıstan, Belarus, Moldova Ali Audit Qurumlarının əməkdaşlarının da qatıldığı iclasda Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun və INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) işçi qrupunun 2015-2016-cı illərdə fəaliyyəti haqqında hesabat, təşkilatın işçi qrupunun hazırladığı "Əsas Milli Göstəricilər: Ali Audit Qurumlarının maliyyə nəzarəti" adlı təlimat, həmçinin 2013-2015-ci illərdə aparılan tədqiqatların nəticələri ilə bağlı məlumatlar dinlənilib.
Çıxışlarda Əsas Milli Göstəricilərdən istifadənin əhəmiyyətliliyi orta müddətli dövrü əhatə edən strategiya ilə əlaqələndirilib, investisiya layihələrinin qiymətləndirilməsində tətbiq edilən əsas iqtisadi göstəricilər və bu göstəricilərdən istifadənin büdcə xərclərinin rasionallaşdırılmasında və büdcə parametrlərinin təhlilində əhəmiyyətliliyi vurğulanıb.
Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazasında formalaşdırılmış http://kniknowledgebase.org/ saytında yerləşdirilən məlumatların davamlı şəkildə yenilənməsi və Əsas Milli Göstəricilər üzrə metodologiyanın işlənməsi qərara alınıb.