İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı INTOSAI-ın işçi qrupunun Çində keçirilən illik iclasında iştirak edib
Bakı, 11 iyul, AZƏRTAC
Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) dövlət borcu üzrə işçi qrupunun Çin Xalq Respublikasının Nancin şəhərində keçirilən illik iclasında iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda Avstriya, Çin, Fici, Finlandiya, Hindistan, İndoneziya, Koreya Respublikası, Meksika, Moldova, Portuqaliya, Rumıniya, Rusiya, Zambiya Ali Audit Qurumlarının (AAQ) və INTOSAI İnkişaf Təşəbbüsü (IDI), Dünya Bankı və Çin Sosial Elmlər Akademiyasının əməkdaşları təmsil olunublar.
İclasda maliyyə çatışmazlığı və dövlət borcu, dövlət borcu idarəetməsinin auditi zamanı dövlət borcunun idarəetmə strategiyasının rolu, dövlət borcu üzrə işçi qrupu sədrinin hesabatı, mövcud materialların təhlili və potensial tədqiqat mövzuları, dövlət maliyyəsinin davamlılığı üzrə risklər, Finlandiya AAQ-ı tərəfindən son audit tədbiri, milli dövlət borcu indikatorlarının inkişafında Avstriya Audit Məhkəməsinin rolu ilə bağlı məruzələr dinlənilib. Həmçinin Çinin Milli Audit Ofisinin yerli dövlət borcu üzrə audit tədbiri, PASAI/IDI-ın dövlət borcunun idarə olunması üzrə birgə səmərəlilik auditinin nəticələri, Hindistanın birlik və dövlət səviyyəsində dövlət borcu üzrə nailiyyətləri, dövlət borcunun idarə edilməsinin təkmilləşdirilməsində İndoneziya AAQ-ın rolu, Koreya Respublikasında yerli hökumətin maliyyə idarəetməsinin auditi, 2017-2022-ci illər üzrə INTOSAI-ın strateji planı və işçi qrupunun rolu, işçi qrupuna yeni sədr seçilməsi və katibinin inzibati məsələlər üzrə məlumatı, 2017-2019-cu illərdə illik iclasın keçirilməsi nəzərdə tutulan ölkələr ilə bağlı məlumatlar çatdırılıb.
Eyni zamanda, INTOSAI-ın strateji planına işçi qrupuna üzvlər tərəfindən şərhlərin verilməsi, dövlət borcunun işçi qrupunun strateji planının təkmilləşdirilməsi və müvafiq işin həyata keçirilməsi üçün könüllü üzvlərin seçilməsi və dövlət borcu üzrə işçi qrupunun yeni rəhbərinin Argentina AAQ-ı olması vurğulanıb.
Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazası olaraq formalaşdırılmış http://www.wgpd.org.mx/index.htm saytında yerləşdirilən məlumatların davamlı olaraq yenilənməsi və beyin mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi qərara alınıb.