İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Vyanada təlimlərdə iştirak ediblər
Bakı, 28 fevral, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları Tamerlan Yusifzadə və Sənay Paşayev Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Valyuta Fondunun keçirdiyi "Təbii resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəçilik" və "Güclü fiskal institutlar: Sabitlik, artım və firavanlıq üçün əsas" mövzularında təlimlərdə iştirak ediblər.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Təbii resurslarla zəngin ölkələrdə makroiqtisadi idarəçilik" mövzusunda təlimə 10 ölkədən 27 iştirakçı qatılıb. Təlim iqtisadi artım və təbii resurslar, iqtisadiyyatın şaxələndirilməsi, büdcənin məqsədli hədəfləri, resursla bağlı sahələrdə fiskal rejimlər, suveren fondlar, resurs gəlirlərinin idarə edilməsində şəffaflıq, təbii resursla zəngin dövlətlərdə pul-kredit siyasəti və valyuta rejimləri mövzularını əhatə edib, büdcə qaydalarının bir neçə ölkədə nümunəsi təqdim olunub.
On dörd ölkədən 30 iştirakçının qatıldığı "Güclü fiskal institutlar: Sabitlik, artım və firavanlıq üçün əsas" mövzusunda təlim fiskal institutlarda müasir meyillər, borc dayanıqlılığı, fiskal qaydalar, ortamüddətli büdcə çərçivəsi, dövlət investisiya xərcləri, fiskal şəffaflıq və fiskal risk, fiskal şuralar, hesabatlılıq və Avropa İttifaqı ölkələrində fiskal islahatlarla bağlı mövzuları əhatə edib.