İQTİSADİYYAT
Hesablama Palatasının kollegiya iclası keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy və Şirvan şəhər icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada dövlət büdcəsindən Abşeron Rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Goranboy İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin, şöbənin saxlanılması xərclərinin icrasına dair audit proqramları təsdiqlənib.