İQTİSADİYYAT


Hesablama Palatasının nümayəndə heyəti Əbu-Dabidə INTOSAI-nin XXII Konqresində iştirak edib

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Audit Ofisinin ev sahibliyi ilə keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) XXII Konqresində iştirak edib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbir təsdiq edilmiş gündəlik üzrə işinə başlayıb və INTOSAI-nin baş katibliyi (Avstriya ali audit qurumları) daxil olmaqla əsas rəhbər qurumlarının hesabatları, həmçinin audit komitəsi adından Qana və Oman ali audit qurumlarının birgə hesabatı dinlənilib və qəbul edilib.

Daha sonra ABŞ-ın Ali Audit Qurumu olan dövlət hesabatlılıq idarəsinin rəhbəri INTOSAI-nin 2017-2022-ci illər üzrə strateji planını təqdim edib. Növbəti altı il ərzində prioritet inkişaf istiqamətlərini təsbit etmiş plan konqresin plenar iclasında təsdiqlənib. Gündəlikdə duran növbəti məsələlər kimi INTOSAI-nin regional işçi qruplarının (AFROSAI, ARABOSAI, ASOSAI, CAROSAI, EUROSAI, OLACEFS və PASAI) hesabatları təqdim edilib və birinci plenar iclas işini başa çatdırıb.

Konqresin ikinci plenar sessiyası INTOSAI-nin əsas strateji məqsədləri üzrə məsul qurumları – Peşəkar Standartlar Komitəsi (I Məqsəd Qrupu), Potensialın Artırılması Komitəsi (II Məqsəd Qrupu) və Bilik Mübadiləsi Komitəsinin (III Məqsəd Qrupu) hesabatları ilə başlayıb. Bilik Mübadiləsi Komitəsi ilə yanaşı, bu strateji istiqamət üzrə fəaliyyət aparan işçi qruplar, o cümlədən sonuncu illik toplantı Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu ilin iyun ayında Bakıda keçirilmiş Dövlət satınalmalarının auditi üzrə xüsusi qrup məruzə ilə çıxış edib.

Hər bir komitə hesabatının sonunda çoxsaylı təkliflərlə çıxış edib. INTOSAI-nin peşəkar bəyanatlar çərçivəsinin təsdiq olunması, yeni beynəlxalq standartların qəbulu proseduruna keçid, beynəlxalq standartların qəbulu, bəzilərinin isə qüvvədən düşməsi və sair kimi məsələlər INTOSAI cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edib.

Konqresin plenar sessiyalarının ardınca əvvəlcədən təsdiq olunmuş iki mövzu üzrə qrup müzakirələri aparılıb. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinə” dair mövzu üzrə rəhbər və moderatorlar Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliyinin ali audit qurumları, “Peşəkarlaşma”ya dair mövzu üzrə isə rəhbər və moderator Yeni Zellandiya ali audit qurumu təyin olunub. Hesablama Palatasının nümayəndə heyəti hər iki mövzu üzrə müzakirələrdə fəal iştirak edib.

Konqresin sonuncu plenar sessiyasında bu mötəbər tədbirdə səsvermə yolu ilə əldə olunmuş bütün razılıqları və qrup müzakirələrinin nəticələrini özündə cəmləşdirən Əbu-Dabi Bəyannaməsi qəbul edilib. İclaslarda iştirak etmiş dəvətli qurumların (BMT, Dünya Bankı, Daxili Auditorlar İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının) yüksək rütbəli nümayəndələrinin çıxışlarından sonra INTOSAI təşkilatına sədrlik səlahiyyətinin Çin Xalq Respublikası ali audit qurumundan Birləşmiş Ərəb Əmirliyinin ali audit qurumuna keçməsi və növbəti konqresin Rusiya Federasiyasının ev sahibliyi ilə keçiriləcəyinin elan olunması ilə işini yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.