İQTİSADİYYAT
Hesablama Palatasının nümayəndə heyəti İngiltərə, Şotlandiya və Niderlandda tədris səfərində olub
Palatadan AZƏRTAC-a bildiriblər ki, səfər CAPSAP layihəsinin 1-ci komponentini həyata keçirən qurumların nümayəndələri tərəfindən müşayiət edilib.
Nümayəndə heyətinin Dövlət Maliyyəsi və Mühasibatlığı üzrə Sertifikatlaşdırılmış İnstitutun (CIPFA) Londonda yerləşən mərkəzi ofisində və Böyük Britaniyanın Milli Audit Ofisində (MAO) müxtəlif görüşləri keçirilib.
Görüşlərdə dövlət maliyyə sistemində nəzarətin təşkili, fəaliyyət auditi praktikası, qanunvericilik çərçivəsi, bu audit növünün tətbiq mərhələləri, metodologiyalar, nəticələrin rəsmiləşdirilməsi və ictimaiyyətin məlumatlandırılması haqqında geniş məlumat verilib və müzakirələr aparılıb.
Hesablama Palatası nümayəndə heyətinin Şotlandiya ali audit qurumu olan “Audit Scotland” təşkilatına səfər zamanı müxtəlif mövzular üzrə aparılmış fəaliyyət auditi tədbirləri üzrə təqdimatlar dinlənilib.
Niderland Krallığına səfər çərçivəsində bu ölkənin Audit Məhkəməsi, parlamenti, Dövlət Hesablar Komitəsi və Rotterdam Audit Məhkəməsində görüşlər olub. Görüşlərdə fəaliyyət auditi və maliyyə auditinin fərqli cəhətləri haqqında, həmçinin Niderlandda fəaliyyət auditi üzrə görülən işlər, təcrübələr və keçirilmiş audit üzrə nümunələr təqdim edilib və universitet kolleclərinin auditi üzrə praktiki məşğələ keçirilib. Məşğələdə mövzu üzrə fəaliyyət auditində əsas sualın və məqsədlərin müəyyən edilməsi, nəticə və təkliflərin hazırlanması və s. məsələlər üzrə ətraflı müzakirələr aparılıb.