İQTİSADİYYAT
Hesablama Palatasının nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığına səfər çərçivəsində bu ölkənin Ali Audit Qurumu (AAQ) olan Hesablama Məhkəməsinin prezidenti Driss Jettou ilə görüşüb.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumlararası peşəkar əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti və bunun üçün böyük potensialın mövcudluğu qeyd edilib. Hesablama Məhkəməsi rəsmisinin təqdimatı çərçivəsində məhkəmə və onun məsul olduğu kənar dövlət auditi funksiyasının Mərakeş Krallığındakı xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Təqdimatda Mərakeş Krallığının AAQ-nin müstəqilliyinin təminatları, strukturu, hüquqi və audit funksiyaları, hesabatlılıq sistemi, beynəlxalq əməkdaşlıq məsələləri əhatə edilib.
Eyni zamanda, Vüqar Gülməmmədov qarşı tərəfi Azərbaycan Respublikasının dövlət maliyyə idarəçiliyi, Hesablama Palatasının funksiya və vəzifələri, fəaliyyəti göstəriciləri barədə məlumatlandırıb və ümumilikdə dünya AAQ-larının üzləşdiyi çağırışları vurğulamaqla, birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Rəsmi proqram çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti Mərakeşin mərhum kralları Əlahəzrət V Məhəmmədin və Əlahəzrət II Həsənin məqbərəsini ziyarət edib.
Səfər zamanı, həmçinin Mərakeş Krallığı Hesablama Məhkəməsinin Fes və Meknes regionları üzrə Regional Hesablama Məhkəməsində də görüş keçirilib. Görüşdə yerli təşkilatın regional səviyyədə iş fəaliyyətinin təşkili, funksiya və vəzifələri barədə praktik məlumatlar təqdim edilib. Yerli qurumun rəsmiləri ilə aparılan fikir mübadiləsi zamanı hər iki ölkədə eyni peşəkar funksiyanın xüsusiyyətləri geniş müzakirə olunub.