İQTİSADİYYAT
Hesablama Palatasının nümayəndəsi BMT-INTOSAI simpoziumunda iştirak edib
Bakı, 13 iyun, AZƏRTAC
Hesablama Palatasının Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov Vyana şəhərində keçirilən XXIV BMT-INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) simpoziumunda iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avstriya Ali Audit Qurumunun (AAQ) təşkilatçılığı ilə keçirilmiş simpoziumda INTOSAI-yə üzv olan ali audit qurumları ilə yanaşı, BMT sisteminə aid OIOS (Daxili Nəzarət Xidmətləri İdarəsi) və UNDESA (Birləşmiş Millətlərin İqtisadi və Sosial Məsələlər Departamenti) təşkilatları təmsil olunub, tədbirə 150-yə yaxın iştirakçı qatılıb.
Simpoziumda "Rəqəmsallaşma, "Açıq məlumat" və məlumatların təhlili – AAQ-ların audit fəaliyyətinə uyğunluq və təsir" və "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında AAQ-ların töhfəsi" mövzuları müzakirə edilib.
Tədbirdə Açıq dövlət məlumatlarının auditi zamanı AAQ-lardan gözləntilər; INTOSAI-nin yeni işçi qrupu olan "Big data" (Böyük həcmli məlumat massivləri) üzrə İşçi Qrupun mandatı və məqsədləri; rəqəmsal inqilab – AAQ-lar üçün imkanlar və gözlənilən çətinliklər; məlumat təhlili dələduzluğun araşdırılmasında alət kimi; rəqəmsal məhkəmə araşdırmaları və korrupsiya; mətnlərin təhlili və məlumatlardan istifadə etməklə dövlət auditində yeniliklərin yaradılması; rəqəmsal inzibati mühitdə kənar maliyyə auditi; səmərəlilik və maliyyə auditlərində məlumat təhlilinin tətbiqi mövzularında təqdimatlar dinlənilib.
Yekun olaraq simpozium iştirakçıları "Nəticələr və tövsiyələr" sənədini qəbul edib.