İQTİSADİYYAT
Hesablama Palatasının sədri: Azərbaycan dünya audit ictimaiyyəti arasında mövqelərini möhkəmləndirir
İstanbul, 24 may, АZƏRTAC
İstanbulda Ali Audit Qurumlarının beynəlxalq təşkilatının (EUROSAI-European Organisation of Supreme Audit Institutions) X konqresi keçirilib.
Konqresdə ölkəmizi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.
Sonra EUROSAI-ın ötən dövrkü fəaliyyətinə dair film nümayiş olunub.
Konqresdə 51 ölkəni təmsil edən nümayəndələr, bu sahə üzrə beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.
Əsas mövzusu “Ali Audit Qurumlarının standartlarının tətbiqi: çətinliklər və təkmilləşmə üçün yollar” olan konqres bir neçə plenar iclasda davam edib.
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti səmərəlilik auditi, ətraf mühitin auditi, informasiya texnologiyalarının auditi, birgə auditlərlə bağlı qabaqcıl təcrübələr və digər qurumlarla əməkdaşlıq, o cümlədən beynəlxalq standartların dövlət auditi qurumlarında istifadəsi, Dayanıqlı inkişaf məqsədlərinin nail olunmasında Ali Audit qurumlarının rolu kimi məsələləri əhatə edən işçi toplantılarda müzakirələrə qatılıb.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun “Azərbaycanın bu konqresdəki yeri, rolu və əldə etdiyi faydalar” barədə AZƏRTAC-ın sualını cavablandıraraq deyib: “EUROSAI-ın X konqresi ümumilikdə dövlət auditi üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı yaranan təkrarçılıqların aradan qaldırılması və ayrı-ayrı qurumların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin müzakirəsinə həsr olunub. Müzakirələr çərçivəsində ayrı-ayrı qurumların qarşısında duran əsas vəzifələrdən biri sosial-iqtisadi və humanitar sahədə, qarşısına çıxan problemlərin həllində Avropa məkanına daxil olan ölkələrin özünün reaksiyası, həmçinin dayanıqlı inkişaf məqsədlərini nəzərə almaqla, dayanaqlı inkişafın təmin edilməsində ayrı-ayrı qurumların rolu və uğurlarına diqqət yetirilir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının xüsusi qətnaməsi olmuşdur. Hesab edirik ki, ayrı-ayrı qurumların potensialından istifadə etməklə, Avropa dövlətlərinin bu sahədəki qaldırdıqları məsələlərə dair həll proqramları, baxışları, mövqeləri, aparılan bütün müzakirələr bizim üçün də faydalıdır. Ümumiyyətlə bu cür müzakirələrə qatılmaqla Azərbaycan dünya audit ictimaiyyəti arasında mövqelərini möhkəmləndirir”.
EUROSAI-ın 2017-2023-cü illər üzrə Strateji Planını, həmçinin Nəticələr və tövsiyələr sənədini qəbul edib.
EUROSAI-ın sədrlik Türkiyəyə keçib.
Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatası 2002-ci ilin may ayından EUROSAI-ın üzvüdür və həmin təşkilatın “Peşəkar standartlar üzrə” Məqsəd qrupunda, həmçinin “Bələdiyyələrin auditi”, “İnformasiya texnologiyalarının auditi”, “Ətraf mühitin auditi” və “Fəlakət və qəzalara ayrılmış vəsaitlərin auditi” üzrə işçi qruplarında təmsil olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul