İQTİSADİYYAT
Hesablama Palatasının sədri CAPSAP layihəsi üzrə Dünya Bankının tapşırıq qrupu ilə görüşüb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov CAPSAP layihəsi üzrə Dünya Bankının tapşırıq qrupu ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, V.Gülməmmədov qonaqlara CAPSAP çərçivəsində “Hesablama Palatasının 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Palataya kömək göstərmək üçün Məsləhətçi Xidmətləri” komponentinin dörd fəaliyyət istiqaməti ilə bağlı görülmüş işlərdən bəhs edib. Habelə həyata keçirilmiş pilot fəaliyyət və maliyyə auditləri sahəsində əldə edilmiş ilkin nəticələr, qanunvericilik üzrə komponent çərçivəsində Hesablama Palatası haqqında hazırlanmış yeni qanun layihəsi və bu istiqamətdəki digər işlər haqqında ətraflı məlumat verilib.
Dünya Bankının nümayəndə heyəti CAPSAP layihəsinin tamamlanma mərhələsində olduğunu qeyd edib, eyni zamanda, INTOSAI təşkilatının Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsi (PMF) alətinin Palatanın cari inkişaf mərhələsində istifadə edilməsi, Hesablama Palatası ilə gələcəkdə yeni əməkdaşlıq imkanları və istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Palata sədrinin cari layihə çərçivəsində təqdim ediləcək son sənədlərə baxılmasında Bankın iştirakına dair təklifi müsbət qarşılanıb.