CƏMİYYƏT


Həsən bəy Zərdabinin büstü ziyarət olunub

Bakı, 22 iyul, AZƏRTAC

Mətbuat Şurasının və Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun təmsilçiləri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ediblər. Ziyarət milli mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibətilə gerçəkləşib. Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından məlumat verilib.

Bununla bağlı keçirilmiş mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Əkinçi” qəzetinin Azərbaycanın ictimai fikir tarixində oynadığı rola diqqət çəkib. O bildirib ki, “Əkinçi”nin ümumilikdə 56 sayı işıq üzü görüb. Lakin nəşrin missiyası sonradan milli qəzetlərin yaranmasına böyük təkan verib. “Əkinçi”nin maarifçilik ideyaları öz davamını “Kəşkül”, “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış nəşrlərində tapıb. Ə.Amaşov çıxışında, həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən söz açıb. Şura sədri vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi media siyasəti, eyni zamanda, Həsən bəy Zərdabinin xalqın tərəqqisinə yönəlmiş maarifçilik xəttinə böyük ehtiramın nümunəsidir.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev çıxışında bildirib ki, Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabi tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir. Onun miras qoyduğu irsi qorumaq son dərəcə vacibdir. Ə.Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun Mətbuat Şurası ilə birgə Həsən bəy Zərdabinin xatirəsini görkəmli mütəfəkkirin büstünün olduğu Mərkəzi Nəbatat Bağında anılmasının artıq ənənəyə çevrildiyini bildirib. O, toplantı iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək Zərdabinin maarifçilik xəttinin qorunmasından məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Həsən bəy Zərdabinin Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında yerləşən büstünü ziyarət ənənəsinin əsası ötən il iyulun 21-də Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu ilə Mətbuat Şurası tərəfindən qoyulub. Uzun müddət bu büst ölkənin media ictimaiyyətinin diqqətindən kənarda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.