ELM VƏ TƏHSİL
“Həssas icmalarda və təhsil müəssisələrində fəlakət riskinin azaldılması” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). BMT-nin Uşaq Fondu (UNİCEF) və Azərbaycan hökuməti ölkədə fəlakət riskinin azaldılması və ona cavab tədbirlərinin təkmilləşdirilməsi istiqamətində birgə səylərinə yenidən nəzər salır.
AZƏRTAC xəbər verir ki, noyabrın 21-də “Hilton” otelində UNİCEF “Həssas icmalarda və təhsil müəssisələrində fəlakət riskinin azaldılması” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirmişdir. Layihə Fövqəladə Hallar Nazirliyi (FHN) və Təhsil Nazirliyi ilə birgə reallaşdırılmışdır.
Tədbiri UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard açaraq bildirmişdir ki, layihənin məqsədi ən həssas, təhlükəyə açıq icmalarda yaşayan insanları, xüsusilə də yüksək təbii fəlakət riskinə məruz sahələrdə yaşayan uşaqları və qadınları qorumaq üçün ölkədə fəlakət riskinə hazırlıq və ona cavab tədbirlərini yaxşılaşdırmaqdır.
M.Herevard qeyd etmişdir ki, uşaqlar fəlakət zamanı ən həssas hədəfdirlər, bununla yanaşı, onlar həm də təhlükəsizlik və xəbərdarlıq mədəniyyətinə kömək edən nadir qabiliyyətə malikdirlər. Fəlakət riskinin azaldılmasının tədrisi uşaqlardan başlamalı, valideynlər və eləcə də icmanın digər üzvlərini bu prosesə cəlb etməlidirlər. Fəlakət risklərini azaltmaq olar. İcmanın buna qarşı müqaviməti yalnız bilik və təhsil vasitəsilə əldə edilə bilər.
Təhsil Nazirliyinin nümayəndəsi Fərzəli Qədirov, FHN-in əməkdaşı Məhbubə Mustafayeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek layihənin əhəmiyyətindən danışmış, 18 ay əvvəl başlamış layihənin icrası dövründə əldə edilən nəticələri və gələcək planları müzakirə etmişlər.
Bildirilmişdir ki, Avropa Humanitar Yardım Komissiyası və Mülki Müdafiə Departamenti (DIPECHO) tərəfindən maliyyələşdirilən proqram Cənubi Qafqazda həyata keçirilmiş və təbii fəlakətlərə hazırlığa cavab strategiyalarının köməyi ilə bütün səviyyələrdə təhlükəsizlik və müqavimət mədəniyyətinin artırılması, yerli icmaların və milli təsisatların həssaslığının azaldılması məqsədi daşımışdır. Layihə fəlakətə qarşı müqaviməti inkişaf etdirmək və həssaslığı azaltmaq məqsədilə Şamaxı, Şəki, Zaqatala, Saatlı və Sabirabad rayonlarında həyata keçirilmişdir.
Sonra UNİCEF-in nümayəndələri Kənan Məmmədli və Tamerlan Rəcəbov layihə çərçivəsində bu beynəlxalq təşkilat tərəfindən görülmüş işlərdən danışmış, yekun qiymətləndirmənin nəticələrini açıqlamışlar.
Davamlılığın təmin edilməsi məqsədi ilə UNİCEF hazırda formal məktəb tədris planlarına fəlakət riskinin azaldılmasının daxil edilməsi və icma səviyyəsində riskin azaldılması istiqamətində təlim və tədris proqramlarının tərtib edilməsini planlaşdırır. Layihə çərçivəsində DIPECHO-nun maliyyə dəstəyi ilə müəllim hazırlığı üçün “Fəlakət riskinin azaldılması təhsil sistemində” adlı təlim vəsaiti nəşr edilmişdir. Bu vəsait Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma kursunda təhsil alan müəllimlər üçün proqram əsasında tərtib olunmuşdur. Proqram uşaqlar arasında təbii fəlakət riskinin azaldılması problemi və mümkün təbii fəlakətlərin nəticələrinin qarşısının alınması, Azərbaycan Respublikasında Mülki Müdafiənin təşkili və həyata keçirilməsini, əhaliyə və müxtəlif tədris ocaqlarında təhsil alan məktəblilərə fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsini və onun nəticələrinin aradan qaldırılması üzrə tədris-metodiki kompleksini ehtiva edir. Proqram ölkəmizin ümumtəhsil məktəbləri və peşə məktəblərində fəaliyyət göstərən müəllimlər üçün nəzərdə tutulmuşdur.
Bundan əlavə, layihə çərçivəsində FHN və UNİCEF tərəfindən tərtib edilmiş uşaqlar üçün “Təhlükəsiz həyat” kitabı da nəşr edilmişdir.