REGİONLAR
Həştərxan vilayətinin nümayəndə heyəti Lənkəran və Astarada olub
Lənkəran, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti tanışlıq məqsədilə Lənkəran və Astara rayonlarında olub.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov AZƏRTAC-a bildirib ki, VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün ölkəmizə səfərdə olan qonaqlar üçün Lənkəran şəhərinə və Astara rayonuna infotur təşkil edilib.
İnfotur çərçivəsində qonaqlar Lənkəranın tarix və mədəniyyət abidələri, görməli yerləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Nümayəndə heyətinə Lənkəran mətbəxinin zəngin nümunələri də təqdim olunub.
Həmçinin Astara rayonunda “İsti-su” istirahət mərkəzi, rayonun turizm məkanları ilə tanışlıq olub, qonaqlara cənub bölgəsinin turizm potensialına dair buklet, flayer, təqvim və disk hədiyyə edilib.
Həştərxanlı qonaqlar cənub bölgəsinin turizm potensialının onlarda böyük maraq doğurduğunu, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.