SİYASƏT


Həştərxan vilayətinin qubernatoru “Xəzər mediaforumu-2016”nın iştirakçıları ilə görüşüb

A+ A

Həştərxan, 23 sentyabr, AZƏRTAC 

Rusiyanın Həştərxan şəhərində ikinci “Xəzər mediaforumu-2016” davam edir. Sentyabrın 23-də Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Forum iştirakçıları ilə görüşüb.

Vilayətin qubernatoru qeyd edib ki, artıq ikinci dəfə keçirilən Xəzəryanı dövlətlərin mediaforumu beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib. A.Jilkinin fikrincə, jurnalistikanın inkişafı dünyada aşkarlığın artmasına, problemlərin üzə çıxarılmasına mühüm təkan verir. Xəzər mövzusu Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan jurnalistlərini birləşdirir, mövcud problemlərin həllinə obyektiv yanaşmanın formalaşmasına kömək edir.

Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə dünyada artan çağırışlar və təhlükələrlə mübarizədə qonşu dövlətlər arasında dostluq əlaqələrinin, dialoqun genişləndirilməsinin, əməkdaşlıq sahələrinin artırılmasının zəruriliyini vurğulayıb. E.Vəlizadə Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin hökm sürdüyünü xüsusi vurğulayaraq, müstəqil, eyni zamanda, milli mənafelərə sadiq KİV-lərin sağlam cəmiyyətin formalaşmasında rolundan danışıb. O, Azərbaycan dövlətinin media nümayəndələrinin iş və məişət şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlərdən də söz açıb.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelov ilə görüşüb. Görüşdə Həştərxanda Azərbaycan mədəniyyəti günlərinin təşkili, eləcə də Bakıda Həştərxan vilayətinin 300 ilik yubileyinə həsr olunmuş sərginin keçirilməsi barədə razılıq əldə olunub. Sərgidə Həştərxan arxivlərində saxlanılan tarixi şəkillər və nadir sənədlər, o cümlədən Alfred Nobel haqqında sənədlər nümayiş etdiriləcək.

Forum öz işini “dəyirmi masa”lar və sessiyalarla davam etdirir. Müzakirələrdə ümumi informasiya məkanının yaradılması məsələləri diqqət mərkəzindədir. Xəzəryanı dövlətlərin aparıcı informasiya vasitələrinin nümayəndələri Xəzər Ekspert Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər. İştirakçıların fikrincə, bu cür mərkəzin yaradılması regionda baş verən hadisələrə və problemlərə ümumi yanaşmanın formalaşmasını təmin edəcək, əməkdaşlığın yeni formata keçməsinə yardım göstərəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Həştərxan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.