CƏMİYYƏT
“Həyat Fondu” 300-ə yaxın xəstənin sağlamlığa qovuşması üçün yardımçı olub
Bakı, 11 dekabr, AZƏRTAC
Yardıma ehtiyacı olan insanlara daha sürətli və təcili şəkildə kömək imkanları yaradan “Həyat Fondu” indiyə qədər müxtəlif xəstəliklərdən əziyyət çəkən 300 nəfərin sağalmasına yardım göstərib.
Fonddan AZƏRTAC-a verilən xəbərə görə, onların arasında ürək çatışmazlığından əziyyət çəkən və xeyirxahların köməkliyi ilə əməliyyat olunan 5 yaşlı Fatimə Qulamzadə, 9 yaşlı Aydan Əliyeva, 11 yaşlı Nigar Oruclu, 26 yaşlı Orxan Bayramov, görmə zəifliyindən əməliyyat olunan 56 yaşlı Teyyubə Mirzəquliyeva, qaraciyər və qan-damar problemi olan 5 yaşlı Züleyxa Balakişiyeva, skoliozdan əziyyət çəkən və əməliyyat olunan 26 yaşlı Aydan Qafarova, əməliyyatla hidroselafiyadan qurtulan 4 yaşlı Murad Qafarzadə, bud-çanaq oynağı displaziyasından əziyyət çəkən 7 yaşlı Məhəmməd Əsgərov, böyrək çatışmazlığından xilas olan 19 yaşlı Ülkər Azayeva, 27 yaşlı Ramilə Zeynalova və 39 yaşlı Məmməd Zeynalov, xərçəngdən əməliyyat olunan 35 yaşlı Mikayıl Mustafayev, beyin şişindən müalicə olunan Mehparə Xəlilova və başqaları, o cümlədən tanınmış mədəniyyət və incəsənət adamları da var.
Hazırda onlarla xəstə “Həyat Fondu”nun təşəbbüsü və xeyirxah insanın köməyi ilə müalicə olunur. Bundan başqa, “Həyat Fondu” digər ölkələrdən dəvət olunan tanınmış həkimlərin iştirakı ilə təmənnasız müayinə aksiyaları da keçirir.
Hər bir kəs bu nəcib və xeyirxah işdə yardımçı ola bilər. “999” qısa nömrəsinə göndərilən 1 SMS, edilən 1 zənglə neçə-neçə xəstənin qəlbində ümid çırağı yandırmaq, onların həyatını dəyişmək mümkündür. Necə deyərlər, “Yardım et, həyat ver!”.