REGİONLAR
Həyata keçirilən tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına şərait yaradır
Bakı, 14 iyul, AZƏRTAC
Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür. Kiçik təsərrüfatların birləşməsi həm investorlar üçün cəlbedici ola, həm də istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər. Bu baxımdan həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır.
Proqramın məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
Kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi, kooperativlərin yaradılması və inkişafı üçün əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativlərin istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi, kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması və sair tədbirlər nəzərdə tutulur.
Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan yaradacaq. Proqram çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaq.