MƏDƏNİYYƏT
“Həyatla oyun” tamaşası 5 rayonda nümayiş olunacaq
Bakı, 3 may, Aynur İsmayılova, AZƏRTAC
Bakı Uşaq Teatrının hazırladığı “Həyatla oyun” tamaşası 5 rayonda nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşa Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Tamaşanın məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi tamaşada cərəyan edən hadisələr real həyatdan götürülüb. Universitet tələbəsi Duman narkotik aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikdən istifadə etməyə başlayır. Getdikcə onun vəziyyəti ağırlaşır. Nicatın anası oğlunun narkoman olmasından xəbər tutanda infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yanlış münasibəti Dumanın pis yola düşməsinə təkan verir. Tamaşa 1 saat 15 dəqiqə davam edir.
Səhnə əsəri Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün bölgələrində, 20 ali və 10 orta ixtisas məktəbində nümayiş olunub.
Tamaşa mayın 5-dək Oğuz, Qax, Şəki, Balakən və Zaqatala rayonlarında təqdim ediləcək.