İQTİSADİYYAT
Heybət stansiyasında 6-cı yeni yoldəyişən quraşdırılır
Bakı, 26 dekabr, AZƏRTAC
Dəmir yollarının Heybət stansiyasında sayca 6-cı yeni yoldəyişən quraşdırılır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.
Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.
Qeyd edək ki, ilk belə yoldəyişən sentyabrın 9-da quraşdırılıb. İndi sayca 6-cı yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.
Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.
Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir. Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzilbaşına daşımaq üçün Rusiya Federasiyasından yeni quruluşlu platforma-vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirdi ki, bu gün Heybət stansiyasında quraşdırılan yoldəyişən məhz həmin kranın vasitəsilə həyata keçirilir. Azərbaycan dəmir yolunda UKS tipli kran ilk dəfə istismar olunur.
Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.