İQTİSADİYYAT
Heybət stansiyasında sayca 9-cu yeni yoldəyişən quraşdırılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Heybət stansiyasında sayca 9-cu yeni yoldəyişən quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.
Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Hazırda sayca 9-cu yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Proses iki gün davam edəcək. İşləri həyata keçirən 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” (İDYM) MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirib ki, bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşımasıdır.
Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılıb və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli olmayıb. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.
Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.
Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. Bu texnika Azərbaycan dəmir yolunda ilk dəfə istismar olunur.
Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.