MƏDƏNİYYƏT
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin əsasını qoyub
Bakı, 6 may, Flora Şükürova, AZƏRTAC
Mayın 6-da Azərbaycan Milli Konservatoriyasında “Heydər Əliyev-93” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində gördüyü böyük işlərdən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev, mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də milli mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə xas əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz Ulu Öndərin çox dəyərli ideyaları əsasında inkişaf edib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin əsasını qoyub. Mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb. Heydər Əliyev mədəniyyət sahəsində çalışan insanların əməyini yüksək qiymətləndirir, onlara diqqət və qayğı ilə yanaşırdı.
Vurğulanıb ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaradır.
Daha sonra Ulu Öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbir tanınmış sənətkarların repertuarında konsert proqramı ilə davam edib.