SİYASƏT


Heydər Əliyev Azərbaycan müstəqilliyinin rəmzidir VİDEO

Paris, 11 may, AZƏRTAC

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü təntənəli şəkildə qeyd olunub.

Tədbirdə çıxış edən ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim Heydər Əliyev yaddaşımızda unudulmaz xatirələr qoyub. Onun həyatı, daxili və xarici siyasəti, Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən saatlarla danışmaq olar.

Diplomat qeyd edib ki, demokratiya, dünyəvilik, multikulturalizm Ulu Öndərin siyasətinin əsas istiqamətləri olub. Əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda dünyəvilik prinsipi hökm sürür. Ölkəmiz tolerantlıq nümunəsinə çevrilib. Azərbaycanda heç vaxt antisemitizm aktları olmayıb. Müxtəlif xalqların, bütün konfessiyaların nümayəndələri harmoniyada yaşayır. Heydər Əliyevin siyasəti sayəsində mədəniyyət müxtəlifliyi irsi qorunub saxlanıb.

Bu gün ölkəmizin yeganə problemi Dağlıq Qarabağ müharibəsidir. 25 ildir davam edən müharibənin həll olunmasına Fransa da öz töhfəsini verməyə çalışır.

“Bir neçə gün əvvəl bütün dünya İkinci Dünya müharibəsinin başa çatmasını qeyd etdiyi bir vaxtda, Azərbaycan həm sevinir, həm də kədərlənirdi. Çünki 8 may Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğal olunduğu gündür. 25 ildir Şuşa işğal altındadır. İnanırıq ki, ədalət qələbə çalacaq, işğal altında olan torpaqlarımız azad olacaq və bir milyon Azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma yurduna qayıdacaq”, - deyə diplomat vurğulayıb.

Elçin Əmirbəyov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq, Azərbaycan ilə Fransa arasında siyasi dialoqun yüksək səviyyədə, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin sıx olduğunu diqqətə çatdırıb.

Səfir ikitərəfli əlaqələrin inkişafına, Azərbaycanın, onun mədəniyyətinin Fransada tanınmasına töhfə verən Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselə və assosiasiyanın bütün üzvlərinə təşəkkür edib.

Sonra Azərbaycanın Dostları Assosiasiyasını sədri Jan-Fransua Mansel çıxış edərək böyük dövlət xadimi Heydər Əliyev ölkəsinin müstəqilliyi naminə göstərdiyi iradəni Şarl De Qolun bu sahədəki iradəsi ilə müqayisə edib. Bildirib ki, məhz müstəqillik arzusu onu xalqı, milləti ilə sıx birləşdirib. “Azərbaycanın coğrafiyasına baxanda onun müstəqilliyini qoruyub saxlamağın heç də asan olmadığını görürük. Heydər Əliyev həmişə güclü ölkələrlə Azərbaycanın tarazlığını saxlamağa çalışıb. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin rəmzidir. Düşünürəm ki, Jak Şirak Heydər Əliyevlə görüşəndə mənim hiss etdiklərimi o da hiss edib. Çünki Jak Şirak prezident seçiləndən sonra iki ölkə arasındakı əlaqələr daha da inkişaf edib möhkəmlənib. Bu gün Heydər Əliyevin varisi İlham Əliyev ölkəni idarə edir. Mən onunla bir neçə dəfə görüşmüşəm və hər dəfə atasından ona keçən müstəqilliyə olan böyük istəyin, iradənin şahidi olmuşam.

Bu gündə Azərbaycanı idarə etmək asan deyil. Ancaq Prezident İlham Əliyev atasının siyasətini davam etdirərək, bunun öhdəsindən müvəffəqiyyətlə gəlir”, - deyə Jan–Fransua Mansel bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Xalq Artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev tarda Azərbaycan bəstəkarlarını musiqilərini ifa edib.

İstedadlı bəstəkar və pianoçu Etibar Əsədli öz bəstələrini, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Azərbaycan musiqisinin inciləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.