REGİONLAR
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Naxçıvana yeni nəfəs verib
Naxçıvan, 12 dekabr, Tural Kəngərli, AZƏRTAC
1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli deyib.
Elman Cəfərli qeyd edib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Аli Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında”, noyabrın 21-də qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı tarixi qərarlar dərin zəkadan doğan siyasi uzaqgörənliyin aydın və bariz sübutu idi.
“1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların təkidi, xahişi və parlament binası önündə mitinq keçirən xalq kütlələrinin qəti tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev Naxçıvanın düşmən işğalından xilasına nail oldu” - deyən Elman Cəfərli, 1990-cı illərin əvvəllərində mənfur Ermənistan tərəfindən blokada şəraitinə salınan Naxçıvanın müdafiəsi, sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin yaxşılaşdırılması sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən bir sıra mühüm addımların atıldığını vurğulayıb.
Bildirib ki, qonşu Türkiyə və İranla imzalanan iqtisadi-mədəni əməkdaşlıq barədə protokollar, Naxçıvan-Türkiyə “Ümid körpüsü”nün açılması, iki qardaş ölkə arasında əlaqələrin uzun illərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıvanın yalnız iqtisadi həyatında deyil, həmçinin siyasi həyatında da müstəsna rol oynayıb.
Bu dövrdə siyasət səhnəsini psevdosiyasətçilərin zəbt etdiyi Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirə biləcək ümummilli siyasi qüvvənin də yalnız Heydər Əliyev şəxsiyyətinin liderliyində yarana biləcəyi artıq hamı tərəfindən qəbul edilən həqiqət idi. Bu baxımdan siyasi hərc-mərclik və ölkənin idarəolunmazlığı Yeni Azərbaycan Partiyasının yaranması prosesini sürətləndirmişdi. 1992-ci il noyabrın 5-də ulu öndər Heydər Əliyev partiyanın Təşkilat Komitəsinin, noyabrın 21-də isə Azərbaycanın nüfuzlu ziyalılarının və xalqın bütün zümrələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Ulu Öndərin müstəqil dövlət quruculuğu konsepsiyasını uğurla reallaşdırmasında bu partiya Ümummilli Liderimizin əsas siyasi istinadgahı oldu.
Elman Cəfərli vurğulayıb ki, tarixi zərurət - birbaşa xalqın tələbi, respublikada yaranmış böhranlı şərait, ölkənin о zamankı rəhbərlərinin siyasi səbatsızlığı və səriştəsizliyi üzündən yaranmış hakimiyyətsizlik, torpaqlarımızın böyük bir hissəsinin işğal olunması, respublikamızın müstəqilliyi üçün yaranmış real təhlükə 1993-cü ilin iyununda görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıtmasını zəruri etmişdi. Məhz onun müdrik siyasəti nəticəsində respublikadakı hərc-mərclik aradan qaldırıldı, vətəndaş müharibəsinin, Azərbaycanın parçalanmasının qarşısı alındı. 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də ölkə Prezidenti seçilən qüdrətli siyasətçi Heydər Əliyev öz siyasi qüvvə və bacarığını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmin sivilizasiyalı, çağdaş və inkişaf etmiş dövlətləri sırasına çıxmasına, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının çiçəklənməsinə sərf edib.
“Böyük öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Naxçıvanı həm düşmən təcavüzündən qoruyub, həm də qurub-yaradıb, ona yeni nəfəs verib”, - deyə E.Cəfərli diqqətə çatdırıb.