İQTİSADİYYAT


Heydər Əliyev Beynəlxalq Aeroportu yeddi ayda 2 milyondan çox sərnişinə xidmət göstərib

Bakı, 7 avqust, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportu bu ilin yeddi ayı ərzində 2 milyondan çox sərnişinə xidmət göstərib.

Aeroportun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hava limanı cari ilin yanvar-iyul ayları ərzində təxminən 2,2 milyon sərnişinə xidmət göstərib. Bu da öncəki illərin göstəricilərindən 30 faiz çoxdur.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 milyon sərnişin düşüb ki, bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,6 faizi AZAL, 50,4 faizi xarici aviadaşıyıcılar vasitəsilə həyata keçirilib.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.

Cari ilin sentyabr ayından Azərbaycan ilk lou-kosteri “Buta Airways” uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.