İQTİSADİYYAT


Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 2016-cı ildə rekord göstəriciyə çatıb VİDEO

Bakı, 6 yanvar, AZƏRTAC

Heydər Əliyev Beynəlxalq Aeroportu 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib. Bu Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşüb. 2016-cı ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə “Türk Hava Yolları”, “Aeroflot”, “S7 Airlines”, “FlyDubai” və “Qatar Airways” daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komiaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” loukosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.