Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. 1980-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanmışdır. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutmuşdur. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ildə olmuşdur. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Bununla paralel olaraq, ölkənin regionlarında da mülki aviasiya intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşmüşdür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncədə, Zaqatalada və Lənkəranda hava limanları istismara verilmişdir. Daha sonra Qəbələdə və Yevlaxda hava limanları inşa olunmuşdur.

Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda AZAL-ın təyyarələri dünyanın onlarla ölkəsinə uçuşlar həyata keçirir.

Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli mövqe tutmasını başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi inkişaf proqramları mülki aviasiyanın yüksəlişində də mühüm rol oynamışdır. Son illərdə ölkəmizdə mülki aviasiyanın inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisidir.

2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və bu günlərdə tikintisi başa çatdırılan yeni aerovağzal kompleksi gözəlliyi və funksional keyfiyyətləri ilə seçilir. Dövlətimizin başçısı bir neçə dəfə tikinti işlərinin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Nəhəng aviaşirkətlərdən birinə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin istifadəyə verilməsi bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir. Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir. Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülmüşdür. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir.

Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılmışdır. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilmişdir. Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir.

Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir, dövlət öz dəstəyini əsirgəmir. Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulmuşdur. Dövlət büdcəmizin artması hesabına bu sahəyə də əlavə vəsaitin ayrılması mümkün olmuşdur. Deyə bilərəm ki, son illər ərzində hava nəqliyyatı infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət investisiyaları hesabına mümkün olmuşdur.

Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcəkdir. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir. Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər.

Ölkəmizin digər şəhərlərində yeni aeroportlar tikilmişdir. Son 10 il ərzində 7 aeroport tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilmişdir. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır.

Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir.

Eyni zamanda, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir. Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmamışdır. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan “Airbus A 380” də enə və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcəkdir.

Bu gözəl şərait, maddi dəstək və hava nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini göstərmişdir. Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir. Mən bilirəm və maraqlanıram, sərnişinlər xidmətdən də razıdırlar. Ümumiyyətlə, AZAL-ın uğurlu inkişafı ölkəmizin ümumi inkişafına da öz müsbət təsirini göstərir. Çünki Azərbaycana, Bakıya və ya digər şəhərlərə gələn ilk qonaq AZAL-la üzləşir və orada göstərilən xidmət ilk dəqiqələrdən ölkəmiz haqqında təsəvvür yaradır.

Bu gün ölkəmiz inkişafdadır. Bu gün müasir Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Əlbəttə ki, belə olan halda ilk təmas yerində də səviyyə ölkəmizin ümumi səviyyəsinə bərabər olmalıdır. Mən çox şadam ki, dövlət dəstəyindən istifadə edərək AZAL bu gün nəinki regionda, dünya miqyasında böyük şirkətlərdən biridir və uçuşların sayı artır. Bu gün dünyanın 30-dan yuxarı aeroportuna uçuşlar təşkil edilir.

Əlbəttə, bu müsbət dinamika əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Çünki görüləsi işlər çoxdur. Baxmayaraq ki, son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı, demək olar, bütün əsas işlər görülmüşdür. Aeroportlar tikilib, müasir texnika, yeni təyyarələr alınıb gətirilmişdir, yeni uçuşlar təşkil edilir. Ancaq Azərbaycan inkişaf edir və ölkəmizə gələn qonaqların sayı artır. Belə olan halda əlbəttə ki, hava nəqliyyatının inkişafı bundan sonra da prioritet məsələ olaraq qalacaqdır.

Eyni zamanda, Azərbaycanda yük daşımalarının həcmi də artır. Azərbaycanda karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir. Yəni, biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Bu istiqamətdə işlər uğurla gedir. Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik.

Beləliklə, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaqdır. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm - xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaqdır. Ona görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet məsələ olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulmuşdur. İlk növbədə ona görə ki, buna ehtiyac var idi. Çünki biz bütün nəqliyyat infrastrukturumuzu yenidən qurmalıydıq. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən birinci amildir. Bəzi hallarda belə hesab oluna bilər ki, yollara, hava nəqliyyatına, dəniz nəqliyyatına qoyulan vəsait tez qayıdan vəsait deyildir. Bu, həqiqətdir. Yeni yaradılan imkanlar, turizm zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur.

Bu gün nəqliyyatın bütün istiqamətləri üzrə konkret proqramlar icra edilir. Avtomobil yolları tikilir. Magistral yollar, şəhərlərarası yollar demək olar ki, tamamlanır. Biz son bir neçə il ərzində ilk növbədə kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondunun vəsaiti hesabına kənd yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-ci ilə, üçüncü regional proqram başa çatana qədər biz bütün kənd yollarını tikəcəyik və bərpa edəcəyik.

Dəniz nəqliyyatı da prioritet olaraq qalır. Xəzər Gəmiçiliyi dünya miqyasında böyük şirkət hesab olunur. Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülmüş, struktur islahatları aparılmışdır. Bu gün Xəzər Gəmiçiliyi də “AZAL”ın səviyyəsinə çatmalıdır və çatacaqdır. Bizim 260-dan yuxarı gəmimiz vardır. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il ərzində 20-yə yaxın gəmi alınmışdır. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük gəmiqayırma zavodu tikilmişdir. Heç vaxt Azərbaycanda belə zavod olmamışdır. Ancaq gəmi təmiri zavodlarımız olmuşdur. Amma bu gün gəmiqayırma zavodumuzda istənilən gəmi istehsal oluna bilər. Tanker, bərə, sərnişin gəmisi, neft əməliyyatlarına xidmət edən gəmilər və eyni zamanda, hərbi gəmilər də istehsal oluna bilər. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcəkdir. Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaqdır.

Bununla paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də uğurla gedir. Bu layihəni biz tərəfdaşlarla - Türkiyə və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcəkdir. Onsuz da biz Avropa ilə Asya arasında olan bir ölkəyik. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcəkdir.

Bir sözlə, bu gün, bu gözəl və tarixi bir gündə bütövlükdə nəqliyyat sektorunda gedən işlər, bundan sonra aparılacaq islahatlar və siyasət haqqında istərdim ki, öz fikrimi bildirim. Bundan sonra da dövlət öz siyasətini davam etdirəcəkdir. Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatımızın aparıcı sektoruna çevrilməkdədir. Belə gözəl aeroportların tikintisi, eyni zamanda, gənc, amma müasir və dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir.

Bu aeroportun tikintisində iştirak etmiş bütün insanlara - inşaatçılara, dizaynerlərə, memarlara təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan vətəndaşları və ölkəmizə gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər. Bu binaya girərkən adamın ürəyi açılır. Mən fəxr edirəm ki, bizim belə gözəl aeroportumuz vardır.

Əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibəti ilə bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir ƏSGƏROV dedi:

- Möhtərəm cənab Prezident!

Bu gün həqiqətən tarixi bir gündür. Heydər Əliyev Beynəlxalq Aeroportunun Yeni Aerovağzal Kompleksi istismara verilir.

Cənab Prezident, icazə verin, bizə göstərdiyiniz daimi diqqət və qayğıya, aviatorların işinə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildirim.

Bakıda beynəlxalq standartlara uyğun ilk aerovağzal binasını 1999-cu ildə ulu öndərimiz Heydər Əliyev açmışdır.

Ulu Öndərin dediyi “Mən inanıram ki, AZAL bundan sonra da yeni nailiyyətləri ilə bizi sevindirəcək” sözləri bu gün gerçəkləşir.

Son illər Sizin birbaşa göstəriş və tövsiyələriniz nəticəsində mülki aviasiya sahəsində çox sayda sevindirici hadisələr və yeniliklər baş verir.

Aviaşirkətimizin hava gəmiləri tamamilə yenilənib. Bu gün Azərbaycan vətəndaşları yalnız müasir, Qərb istehsalı olan Airbus 340, 320, 319, Boeing 757, 767 və Embraer təyyarələri ilə uçurlar.

Siz dediyiniz kimi, respublikamızın şəhərlərində ardıcıl olaraq 2004-cü ildə Naxçıvanda, 2006-cı ildə Gəncədə, 2008-ci ildə Lənkəranda və Zaqatalada, 2011-ci ildə Qəbələdə Beynəlxalq hava limanları tikilib, müasir uçuş-enmə zolaqları inşa edilib.

2012-ci ildə mövcud aerovağzal binası tamamilə yenidən qurulub.

2013-cü ildə isə Yevlax hava limanının yenidənqurma işləri başa çatıb.

Möhtərəm cənab Prezident!

Bu gün sərnişinlərimizi yeni – müasir aerovağzal binasına dəvət edəcəyik.

Sizin xeyir–duanızla bu gün saat 17.50-də Bakıdan İstanbula uçan təyyarə artıq bu terminaldan yola düşəcəkdir.

İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir.

Təməli qoyulduğu gündən indiyədək, Sizin birbaşa tövsiyələriniz nəticəsində bu terminalın tikintisində ən keyfiyyətli materiallardan istifadə edilmiş və müasir tələblərə cavab verən avadanlıq quraşdırılmışdır.

Bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilmişdir.

Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılmış - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılmışdır.

Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir.

Bu gün mən bu tikintidə iştirak edən memarlara və inşaatçılara təşəkkürümü bildirmək istəyirəm.

Terminalın tikintisi ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturu dəyişmiş, terminalın istismar tələblərinə uyğunlaşdırılmışdır.

Möhtərəm cənab Prezident!

İcazənizlə, mən bu işlərin bir neçəsi barədə Sizə məlumat verim.

- Dünyanın ən möhtəşəm, öz arxitektura görünüşü ilə hər kəsi heyran qoyan, hündürlüyü 65 metr olan Hava Hərəkətinin İdarəetmə Mərkəzi inşa edilmişdir.

İdarəetmə mərkəzində quraşdırılmış avadanlıq 165 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə etməyə imkan verir. Hava dəhlizinin uzunluğu isə 8 min kilometrdən artıqdır.

Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunmuşdur.

Təyyarələrin hərəkəti və yaxınlaşması üçün sahəsi 281 min kvadratmetr olan asfalt-beton perronun tikintisi həyata keçirilmişdir.

Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yanğınsöndürmə Stansiyası tikilmiş və 8 ədəd müasir yanğınsöndürən maşın alınmışdır.

Aerovağzal Kompleksinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün sahəsi 3500 kvadratmetr olan enerji mərkəzi tikilmişdir və 34 min metr kabel çəkilmişdir.

Mühəndis-kommunikasiya xətlərinin çəkilişi üçün uzunluğu 700 metr yeraltı dəmir-beton qalereya inşa edilmişdir.

Aerovağzalın önündə 750 yerlik avtomobil dayanacağı və ona bağlanan avtomobil yolları salınmış, 90 min kvadratmetr asfalt döşənmişdir.

Kompleksin istilik təminatı üçün Aeroportun mərkəzi qazanxanası yenidən qurulmuşdur.

Bütün hava limanı üçün Mərkəzi Kanalizasiya Kollektor Stansiyası və 3 yeni drenaj nasos stansiyası inşa edilmişdir.

Aerovağzal kompleksinin tikintisi ilə bağlı aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar 11 kilometr yeni elektron mühafizə hasarı çəkilmişdir.

Bu gün biz inamla deyə bilərik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl, ən müasir hava limanlarından biridir.

Hava limanımıza “Ən Yaxşı Aeroport” adı verilməsi üçün artıq müraciət edilib.

Möhtərəm cənab Prezident!

Bu gün Siz aviatorlarımıza əsl bayram bəxş etdiniz!

Biz də Sizə söz veririk ki, bu terminalda yüksək keyfiyyəti təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Çox sağ olun.

Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlətimizin başçısına və xanımına təqdim etdi.

X X X

Aerovağzal kompleksinin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns bildirdi ki, yeni aerovağzal kompleksinin inşası ən yüksək standartlar səviyyəsində həyata keçirilmişdir. Kompleksin həm gözəlliyi, həm də buradakı texnologiya baxımından dünyada seçilən aeroportlardan biri olacağını vurğulayan Martin BURNS dedi:

- Cənab Prezident.

Hörmətli qonaqlar, həmkarlarım.

Beş ildən az vaxt öncə - bu cür möhtəşəm yeni hava limanı terminalının texniki əsaslandırma işlərinin başa çatdırılmasından sonra bu cür tikintini qısa müddətdə layihələndirmək və başa çatdırmaq həm texniki, həm də təkmil konstruksiya və hava limanı sistemlərinin mürəkkəbliyi baxımından demək olar ki, rekord sayıla bilər.

AZAL üçün bu cür gözəl binanı yaratmaq məqsədilə vahid komanda kimi işləmiş hər kəsə minnətdarıq. Onlar ürəkdən çalışmış, peşəkarlığını, səbrini və bacarıqlarını nümayiş etdirmiş şəxslərdir. Əminəm ki, bu hava limanı həm gözəlliyi, həm innovasiyaları ilə beynəlxalq nüfuz qazanacaqdır.

Layihənin uğurlu olmasına, həyata keçirilməsinə töhfə vermiş və bu cür qətiyyətlə çalışmış bütün şirkətlərə AZAL adından minnətdarlığımı bildirmək istəyirəm. Bizimlə işləmiş şirkətlər aşağıdakılardır:

Tikinti podratçısı kimi çıxış etmiş, bütün inşaat işlərini aparmaq, “MEP” sistemlərini və peşəkar havalimanı avadanlığını “SITA” alt podratçısı vasitəsilə quraşdırmış “MAPA” şirkəti.

Binanın heyrətləndirici fasadının dizaynını vermiş və tikmiş “WAAGNER-BIRO” şirkəti, memarlar Woods Bagot, struktur, seysmik və “MEP” sistemlərin quruluşuna cavabdeh mühəndislər Buro Happold, müsafirlərin gördüyü və toxunduğu yeni innovativ interyer dizaynını təmin etmiş AUTOBAN şirkəti, müasir baqajların idarə edilməsi sisteminin dizaynı və quruluşunu təmin etmiş “VANDERLANDE”, sərnişinlərin teleskopik traplara daxil olma platformalarını quraşdırmış CAVAG, bütün lift və eskalatorları təmin etmiş “SCHINDLER” şirkəti.

Əlavə olaraq, biz aerovağzalın görünüşünün mühüm hissəsini bu cür tərtib edən müəssisələr adından bütün podratçılara öz təşəkkürümüzü bildiririk.

Belə bir mühüm layihədə iştirak etmək hamımız üçün şərəf və iftixar oldu.

AZAL-ın təkliflərini, layihəyə dəstək vermiş heyətin mühüm və dəyərli töhfəsini də yaddan çıxarmırıq.

Azərbaycanın bu cür qonaqpərvər təəssürat bağışlayan qapılarının yaradılmasında yorulmadan çalışan hər bir şəxsə səmimi minnətdarlığımızı bildiririk.

Çox sağ olun.

X X X

Aviasiyamızın sürətli inkişafının ilk növbədə dövlətimizin başçısının diqqəti və qayğısı nəticəsində mümkün olduğunu bildirən Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa ƏLİYEV dedi:

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mülki aviasiyada mühüm irəliləyişlər baş verdi. Ulu öndərimiz Heydər Əliyevin tövsiyələrinə əsasən, təyyarə parkının müasirləşdirilməsinə istiqamət götürüldü və beləliklə, çox böyük olmayan vaxt ərzində - 1993-cü ildən başlayaraq “Boeinq-727”, “Boeinq-757”, “A-320”, “Gulfstream”, “ATR-72”, “EC-155”, “S-92”, son üç ildə “Agusta -199” helikopteri, “Boeinq-767”, “Boeinq-747-400”, “Embraer”-170/190”, “A-340” hava gəmiləri Azərbaycanın təyyarə parkına daxil edilmişdir və eyni zamanda, onların texniki xidməti də təşkil olunmuşdur. 2014-cü ildə ən müasir, uçuş kütləsi 442 ton olan “Boeinq-747-8” təyyarəsinin gəlməsi gözlənilir. “TU-134” və “TU-154” kimi köhnəlmiş texnika artıq istismardan tam xaric edilmişdir.

Belə bir müsbət cəhəti də qeyd etmək lazımdır ki, bu hava gəmilərini idarə edən pilotların, kapitanların, gənc nəslin çox hissəsi bizim Milli Aviasiya Akademiyasının müdavimləridir. Akademiyamız pilotlardan əlavə, aviasiyanın tələb edilən bütün sahələri üzrə mütəxəssislər hazırlayır. Akademiyada ən son standartlara cavab verən “A-320”, “Boeinq-767”, “ATR 72”, “İL-76”, “Mİ-8” hava gəmilərinin trenajorları quraşdırılıb və regionda tələb edilən “Embraer” təyyarəsinin və “Sikorski” helikopterlərinin trenajor komplekslərinin qurulması nəzərdə tutulub.

Fürsətdən istifadə edərək, mən bir pilot kimi bütün cavabdehliklə deyə bilərəm ki, respublikada inşa edilən yeni aeroportlarımız da ən yüksək tələblərə uyğundur. Bütün bu son nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və respublikamızın Prezidenti cənab İlham Əliyevin düzgün strategiyasının nəticəsidir. Azərbaycan aviasiyasının sürətli inkişafı ilk növbədə respublikamızın rəhbərliyinin diqqəti və qayğıkeşliyi nəticəsində mümkün olmuşdur.

İcazə verin, bu gün, aviasiya və aviasiya işçilərinə göstərilən diqqət və qayğıya görə Sizə əməkdaşlarımız adından öz minnətdarlığımı bildirim və bir daha Sizi əmin edim ki, bizə etibar edilən avadanlığın və texnikanın düzgün istismarını təmin edəcəyik. Yeni terminalın açılması münasibəti ilə bir daha hamını təbrik edirəm.

Diqqətinizə görə çox sağ olun!

X X X

Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış oldu.

Azərbaycanın mülki aviasiyası bütün dünyada nəqliyyatın elitar və yüksək texnologiyalara əsaslanan seqmenti kimi tanınmaqdadır. Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da artırır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinin yüksək səviyyədə icra olunması Azərbaycanın aviasiya sahəsinin tamamilə yeni mərhələyə çıxarılmasına şərait yaratmışdır. Məhz dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində mülki aviasiyamız 2003-cü ildən etibarən inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.

Son illərdə respublika ərazisində mövcud olan aeroportların maddi-texniki bazasının gücləndirilməsi, aerovağzalların fəaliyyətinin müasir səviyyəyə çatdırılması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter daşıyır. Mülki aviasiyanın inkişafına Prezident İlham Əliyevin göstərdiyi diqqətin ən önəmli nəticələrindən biri də Heydər Əliyev Beynəlxalq aeroportunda yeni aerovağzal binasının inşasıdır. Bu layihənin həyata keçirilməsində məqsəd sərnişin aviadaşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.

Bildirildi ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Birinci mərtəbə uçuşa gedən sərnişinlərin qeydiyyatı və gələn sərnişinlərin baqajlarının alınması üçün nəzərdə tutulmuşdur. Burada, həmçinin “biznes-klass” sərnişinlərə də yüksək səviyyədə xidmət göstəriləcəkdir. Aerovağzal kompleksinin ikinci mərtəbəsi isə uçuşdan gələn sərnişinlər üçün nəzərdə tutulmuşdur. Bu mərtəbədə sərnişinlərin sərhəd nəzarəti, viza alınması üçün köşklər, tranzit sərnişinlərin aviasiya təhlükəsizliyi nəzarəti sahələri, eləcə də uçuşa gedən sərnişinlər üçün istirahət zonaları yaradılmışdır. Sərnişinlərin gedişi üçün nəzərdə tutulan üçüncü mərtəbədə müasir sərnişindaşınma texnologiyasına əsaslanan, sərnişinlərin gömrük və aviasiya təhlükəsizliyi və sərhəd nəzarəti həyata keçirilir. Bu mərtəbədə xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları, kafelər fəaliyyət göstərir. Aerovağzal binasının dördüncü mərtəbəsində də “bizness klass” sərnişinlərə xidmət göstərmək məqsədilə bar və kafelər, görüşlərin keçirilməsi üçün rabitə avadanlığı ilə təchiz olunan otaqlar yerləşir. Bütün mərtəbələrdə elektron məlumat tabloları yerləşdirilmişdir.

Yeni terminalın binasında müasir eskalatorlar və liftlər quraşdırılmışdır. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq edilmişdir. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasında sərnişinlərin dincəlməsi üçün yüksək standartlar nəzərə alınmışdır. Burada sərnişinlərin zövqünü oxşamaq üçün yaşıl zonalar xüsusi dizaynla yerləşdirilmişdir. Binanın ərazisində eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılmışdır. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini – ikigöyərtəli “Airbus A380” hava gəmisini qəbul etmək üçün nəzərdə tutulmuşdur. Təhlükəsizlik tədbirləri ən müasir standartlar səviyyəsində həyata keçirilir.

Məlumat verildi ki, aerovağzal binasında mühəndis-texniki, sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı kadrların işə qəbulu müsabiqə yolu ilə aparılmışdır. Yeni işçilərin qəbulu və məşqləri ilə bağlı bütün tədbirlər başa çatmışdır. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundakı yeni aerovağzal binasında hava gəmilərinin qəbulu, yerüstü xidməti üçün bütün lazımi infrastruktur mövcuddur.

Qeyd olundu ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aviasiya təhlükəsizliyi sahəsində aparılan audit nəticəsində Azərbaycana “1-ci dərəcə” statusu verilmişdir. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan dünyanın 15 dövlətinin 33 hava limanına uçuşlar həyata keçirilir. Uzaq məsafələrə, o cümlədən ABŞ-a birbaşa uçuşların təşkili istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Respublika daxilində isə Naxçıvan, Gəncə, Qəbələ şəhərlərinə müntəzəm, Zaqatala və Lənkəran şəhərlərinə isə çarter reysləri yerinə yetirilir. 2013-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan təyinat məntəqələrinə və geriyə 2 milyon 857 min sərnişin daşınmışdır. Bu göstəricilər son illərdə ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinin və təyyarə parkının müasir, yeni təyyarələrlə daha da zənginləşməsi sayəsində əldə olunmuşdur. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilmiş, ətrafda geniş yaşıllaşdırma işləri aparılmışdır.

Dövlətimizin başçısı görülən işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva buradan Çex Respublikasının paytaxtı Praqaya yola düşdülər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə verilmişdirAzərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir VİDEO

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK VİDEO

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq