MƏDƏNİYYƏT
Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir VİDEO
Bakı, 13 fevral (AZƏRTAC). Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
Fonddan AZƏRTAC-a bildirmişlər ki, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubiley layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə və Strasburqda keçirilmiş tədbirlər silsiləsi fevralın 14-də beynəlxalq konfransla davam edəcəkdir.
Konfrans Strasburq şəhərinin Rin sarayında 3 ay ərzində (19 noyabr 2013-19 fevral 2014) təşkil edilmiş “XII-XXI əsrlərin ümumbəşəri mədəniyyət körpüsü: Nizami Gəncəvi yaradıcılığı” sərgisinin yekun mərhələsində keçiriləcəkdir.
Fransanın Alzas regionunun mədəniyyət məsələləri üzrə direktoratının baş direktoru Alain Hauss, Strasburq Milli və Universitet Kitabxanasının inzibatçısı Albert Poirot kimi qonaqların qatılacaqları konfransda Strasburq Milli və Universitet Kitabxanasının əlyazmaların saxlanılması və irs bölməsinin rəhbəri Frederik Blin “Nizami Strasburqda”, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli “Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi”, Prinseton Universitetinin Yaxın Şərq araşdırmalar departamentinin professoru, Nizami Gəncəvinin əsərlərini fransız dilinə çevirən Michael Barry “Nizami Gəncəvi-könül şairi” mövzularında çıxış edəcəklər.
Elmi müzakirədə Avropanın bir sıra nüfuzlu ali məktəb professorlarının “Nizami Gəncəvinin Strasburqda saxlanılan əlyazmalarının orijinallığı”, “Hötenin və Nizaminin şərqşünaslığı”, “Psixoloji terapiya qismində olan hekayə: Nizami Gəncəvinin “Yeddi gözəli”, “Nizami Gəncəvi-bütün zamanların və bütün məkanların şairi” mövzularında məruzələri dinləniləcəkdir.
Layihə çərçivəsində ötən ilin noyabrın 12-də Parisin Əlyazmalar və Məktublar Muzeyində Nizami Gəncəviyə həsr olunmuş sərgi, noyabrın 13-də Parisdə, Azərbaycan Mədəniyyəti evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunmuşdur. Mədəni-kütləvi tədbirlər ötən il noyabrın 19-da Strasburqda davam etdirilmişdir.