CƏMİYYƏT


Heydər Əliyev Fondu uşaqlar üçün növbəti dəfə əyləncə proqramı təşkil edib VİDEO

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 3-də Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan, habelə daun sindromlu uşaqlar üçün növbəti dəfə əyləncə proqramı təşkil edib.

Bakının əyləncə mərkəzlərindən birində təşkil edilən şənliyə balacalar onlar üçün xüsusi ayrılmış avtobuslarla gəliblər.

Uşaqlar üçün təşkil olunan şənlikdə paytaxtdakı müxtəlif uşaq evlərindən və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən 200-dək uşaq iştirak edib.

İnternat məktəblərində və uşaq evlərində məskunlaşan, valideyn himayəsindən, ailə qayğısından məhrum uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı məsələ Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Fond həmin uşaqların yüksək səviyyədə təhsil almalarında, onların asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.

Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əylənib, oyunlarda iştirak edib, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparıblar. Oyun avtomatlarının və attraksionların bol olduğu mərkəzdə əylənən uşaqlar bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar, həmçinin birgə nahar edib, müxtəlif rəqslər, mahnılar ifa ediblər.

Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə unudulmaz bir gün yaşadıb.

Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.