MƏDƏNİYYƏT
Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaq istiqamətində fəaliyyəti təqdirəlayiqdir
Bu sözləri paytaxt sakini Jil Bertran Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunda təşkil olunan “Azərbaycan şəhərciyi” ilə tanışlıqdan və “Real” ansamblının çıxışından sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
Fransa paytaxtının sakini sözünə davam edərək deyib: “Ölkənizlə bağlı Parisdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə iştirak etmişəm. Bu tədbirlərdən aldığım təəssüratların nəticəsində mən artıq Azərbaycana vurulmuşam. Elə bu vurğunluq sayəsində Sen-Süplis meydanında təşkil olunan “şəhəriciy”ə dördüncü dəfədir ki, baş çəkirəm. “Şəhərcik”də nümayiş etdirilən Azərbaycanın müxtəlif nemətlərinin dadına baxıb, tarixinizə, ədəbiyyatınıza, mədəniyyətinizə, incəsənətinizə, musiqinizə dair çoxlu kitablar və broşürlər əldə edib, qədim xalçalar, misgərlik məmulatları ilə yaxından tanış olmuşam.
İndi artıq bilirəm ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu körpü, eyni zamanda, müxtəlif mədəniyyətlərin qovuşmasında, xalqların biri-birinə yaxınlaşmasında müstəsna əhəmiyyətə malikdir. Sizi inandırmaq istərdim ki, hər hansı sadə fransızdan Azərbaycan haqqında soruşsanız, o, da ölkəniz barədə çox şey deyə bilər. Bir neçə gündür meydanda səslənən Azərbaycan musiqisinə maraq göstərən fransızların sayının durmadan artması dediklərimə əyani sübutdur”.
Qeyd edək ki, Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışından keçən bir neçə gün ərzində fransızlar və bu şəhərin qonaqları Bakıdan gələn incəsənət ustalarının müxtəlif konsert proqramlarını izləməyə imkan tapıblar. Sentyabrın 22-də “Real” instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Azərbaycanın Əməkdar Artisti, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədovun pianoda, zərb alətlərində və barabanda ifa etdikləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris