CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər ediblər

Bakı, 3 avqust, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının 1, 2 və 3 saylı uşaq evlərinin bir qrup sakini üçün Moskvada yay istirahəti proqramı təşkil olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, iyulun 26-dan avqustun 3-dək davam edən səfər müddətində Rusiyanın “Bizim Ev” Ailə Tərbiyəsinə Kömək Mərkəzinin qonağı olan 8-13 yaşlı bakılı uşaqlar və yeniyetmələr Moskvanın müxtəlif görməli yerlərini ziyarət edib, bir-birindən fərqli istirahət, eyni zamanda, əyləncə proqramında iştirak ediblər.

Məktəblilər Moskva zooparkında Avropanın qədim heyvanxanalarından biri ilə tanış olublar. Bakıdakı uşaq evinin sakinləri, həmçinin “Poklonnaya qora”nı ziyarət ediblər. Qonaqlara parkın tarixi barədə geniş məlumat verilib.

“Moskva City” kompleksində müşahidə meydançasında olan məktəblilər buradan paytaxtın gözəl mənzərəsini seyr ediblər.

Qızıl meydan və Aleksandr bağına səfər uşaq evlərinin sakinlərində gözəl təəssüratlarla yadda qalıb. Azyaşlı qonaqlar çayda gəzintiyə də çıxıblar. Rusiyanın əsas okeanariumu -“Moskvarium”da dəniz heyvanlarının şousu isə onlarda böyük marağa səbəb olub.

Tarixi və müasir turizm yerləri barədə maraqlı, ətraflı məlumatlarla müşayiət olunan hər bir gəzinti uşaqlarda gözəl anlar yaşadıb.

“Bizim Ev” Mərkəzinin təşkil etdiyi piknikdə rus mətbəxinin təamlarını dadan uşaqlar həm də “Azərbaycan mətbəxi gecəsi”ndə plov, dolma, qutab və milli mətbəximizin digər ləziz nümunələrini hazırlayıblar.

Maraqlı mədəni və əyləncə proqramından məmnunluqlarını ifadə edən uşaqlar səfərin təşkilinə görə Heydər Əliyev Fonduna, gözəl qonaqpərvərlik göstərən “Bizim Ev” Mərkəzinə təşəkkür ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın Azərbaycandakı uşaq evlərinin sakinlərinin təlim-tərbiyəsində, ailə sevgisi ilə əhatə olunmasında rolu xüsusi qeyd edilib. Uşaq evlərinin Fond tərəfindən daim dəstək və qayğı ilə əhatə olunduğu, valideyn himayəsindən məhrum şəxslərin təhsilinə, onların asudə vaxtlarının təşkilinə xüsusi əhəmiyyət verildiyi bildirilib.

Fond tərəfindən bu dəfə Moskvada təşkil olunan proqram uşaqların gözəl istirahət etmələrinə, dünyagörüşlərinin artmasına və yeni dostlar qazanmalarına imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.