MƏDƏNİYYƏT


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu və “Qız qalası” festivalı keçiriləcək

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində sentyabrın 24-dən oktyabrın 2-dək Bakıda “Daşın nəğməsi” (Music in Stone) ilk Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.

Latın Amerikası, Avropa və Asiyadan olan 10 tanınmış heykəltəraşın dəvət olunduğu simpoziumun əsas məqsədi yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlərin yaradılmasıdır. Tədbirdə, həmçinin Azərbaycanın 4 heykəltəraşı iştirak edəcək. Bakının Qala qəsəbəsində açıq səma altında çalışacaq heykəltəraşlar üçün konkret mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə azadlığı verilir. Yeganə şərt əsərlərin gələcəkdə açıq səma altında nümayişinin nəzərdə tutulmasıdır. Simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Qeyd edək ki, heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir və Azərbaycanda bu sənətin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ qədim zamanlardan Azərbaycanda fərqli xassələrə və rənglərə malik müxtəlif təbii daşlar əldə edirdilər. Abşeron əhəngdaşının, Qarabağ çaydaşı və qara mərmərin, sarımtıl-ağ rəngli Şəmkir qumdaşının plastik xüsusiyyətləri yerli memarlığın və onun dekorativ bəzəklərinin özünəməxsusluğunu təyin edir.

Tədbirin hər il keçirilməsi, müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərlə gələcəkdə açıq səma altında muzey – heykəltəraşlıq parkının qurulması planlaşdırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ənənəvi təşkil olunan “Qız qalası” Beynəlxalq incəsənət festivalı bu il 18-21 sentyabrda Fransanın paytaxtı Parisdə “Azərbaycan şəhərciyi” çərçivəsində keçiriləcək. VII “Qız qalası” festivalında Fransa və Azərbaycan rəssamları iştirak edəcəklər.

Layihə çərçivəsində Bakıda, həmçinin 17-18 sentyabrda uşaqlar üçün “Qız qalası” festivalı keçiləcək. Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edəcək.

Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.