SİYASƏT
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Volqoqrad vilayəti qarşısındakı xidmətlərinə görə” medalı ilə təltif edilmişdir VİDEO
Volqoqrad, 21 dekabr (AZƏRTAC). Azərbaycan Rusiya ilə dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün bundan sonra da mümkün olan hər şeyi etmək niyyətindədir.
Bu fikri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva dekabrın 20-də Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovla görüşündə səsləndirmişdir.
Leyla Əliyeva demişdir ki, Azərbaycanda böyük rus mədəniyyətini çox qiymətləndirirlər. Heydər Əliyev Fondunun vitse–prezidenti bildirmişdir ki, Rusiya ilə Azərbaycanı ümumi tarix bağlayır. “Volqoqrad-Bakı: Dostluq Parkı”nın Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulması ilk addımdır. Gələcəkdə maraqlı işlər hələ çox olacaqdır.
Leyla Əliyeva RAGB-ın Volqoqradda regional bölməsini açmaq və təcrübə mübadiləsinə başlamaq arzusu barədə məlumat vermişdir.
Sergey Bojenov bildirmişdir ki, Volqoqrad vilayətində 80 mindən çox azərbaycanlı yaşayır. İqtisadi və mədəni mübadilə ilə bərabər, ictimai və gənclər təşkilatları arasında təcrübə mübadiləsinin əhəmiyyətli olduğunu vurğulayan qubernator demişdir ki, Azərbaycan yaxın perspektivdə başqa ölkələrə tranzit aviauçuşların həyata keçirilməsi üçün mühüm nəqliyyat qovşağına çevriləcəkdir. O, Volqoqrad ilə Bakını birləşdirən aviareysin açılmasının məqsədəuyğun olduğunu söyləmişdir.
Görüş başa çatandan sonra Leyla Əliyevanın “Volqoqrad vilayəti qarşısındakı xidmətlərinə görə” medalı ilə təltif edilməsi mərasimi olmuşdur. Qubernator bildirmişdir ki, Leyla Əliyeva geniş ictimai fəaliyyətinə görə bu medala layiq görülmüş ilk əcnəbi nümayəndədir.
Tədbirdə Bakının Qaradağ rayonu və Volqoqrad vilayəti arasında niyyət protokolu da imzalanmışdır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirmişdir ki, tərəflər gələcəkdə bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, idman və s. sahələrdə sıx əməkdaşlıq etmək niyyətindədirlər.
Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Volqoqrad