CƏMİYYƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb VİDEO

A+ A

Moskva, 4 iyul, AZƏRTAC

İyulun 3-də Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında qurulmuş “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

Rusiya Müftilər Şurasının dəstəyi ilə təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 800-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb, habelə Ramazan bayramına həsr edilən şeirlər səsləndirilib. Müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

“Ramazan çadırı” mədəni-xeyriyyə tədbiri çərçivəsində Azərbaycan Gününün təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Müsəlmanları Ruhani İdarəsi adından ünvanlanan təşəkkür məktubu oxunub. Məktubda vurğulanır ki, Moskva müsəlmanlarının mədəni-xeyriyyə layihəsində iştirak xalqların birləşməsinə, yaxınlaşmasına və qarşılıqlı mədəni inteqrasiyasına, ənənəvi dini-mənəvi dəyərlərin dirçəlişinə xidmət edir.

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aqşin Əliyev çıxış edərək tədbir iştirakçılarını səfir Polad Bülbüloğlunun adından salamlayıb və Azərbaycanda müqəddəs Ramazan ayına necə önəm verilməsindən danışıb.

Moskva müftisinin mədəni-maarif proqramları üzrə müavini Raşid Akkaziyev Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya tədbirin təşkilinə görə təşəkkür edib. R.Akkaziyev vurğulayıb ki, müqəddəs Ramazan ayının hər günü xüsusi məna daşıyır.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku”, “AMOR”, “İrs” jurnallarının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyi artıq 11-ci ildir ki, Rusiya Müftilər Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir və möminlər üçün iftar süfrəsi açır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.