REGİONLAR
Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi Milli Qurtuluş Gününə həsr olunub
İsmayıllı, 15 iyun, AZƏRTAC
XX əsrin böyük tarixi şəxsiyyətlərindən olan xalqımızın ümummilli lideri Heydər Əliyevin adı müasir Azərbaycanın müstəqillik tarixi ilə qoşa çəkilir. Onun şəxsində Azərbaycan xalqı dahi siyasətçi və görkəmli dövlət xadimi yetirə bilən bir xalq imici qazanıb.
AZƏRTAC xəbər verir ki, İsmayıllıda 2014-cü ildən fəaliyyətdə olan Heydər Əliyev İdarəetmə Məktəbinin 15 iyun - Milli Qurtuluş Gününə həsr edilən növbəti məşğələsində məhz bu fikirlər geniş şərh olunub.
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon Təşkilatının inzibati binasında keçirilən məşğələdə rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər. Dövlət qulluğu veteranı Valeh Salehov geniş məruzə ilə çıxış edərək Heydər Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründə ölkəmizin inkişafı, xilası, müstəqilliyinin qorunub saxlanması yolunda öz şərəfli ömrünü şam kimi əritdiyini, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini bildirib.
Çıxışına Ulu Öndərin “Xalq mənim dayağım, gücüm və inamımdır” sözləri ilə başlayan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov görkəmli dövlət xadiminin böyük qüdrət sahibi, nadir şəxsiyyət, əvəzsiz lider, xilaskar və böyük vətənpərvər olduğunu söyləyib.
İdarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxış edərək Azərbaycanın taleyüklü dövründə, xalqın müqəddəratının həll olunduğu bir vaxtda Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışını, xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini ayrı-ayrı faktlarla idarəetmə məktəbi müdavimlərinin diqqətinə çatdırıblar.