MƏDƏNİYYƏT


Heydər Əliyev İncəsənət Məktəbində “Müasir fotoqrafiyanın əsasları” mövzusunda treninq keçirilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Müasir fotoqrafiyanın əsasları” mövzusunda treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, region gəncləri və ali məktəb tələbələri üçün təşkil olunan treninqdə tanınmış rejissor-operator, ssenarist, prodüser İsrafil Ağazadə fotoçəkilişin sirləri barədə danışıb.

Treninqin əsas məqsədi gəncləri fotoqrafiya sənətinin əsasları ilə yaxından tanış etmək, onların gələcəkdə peşəkar fotoqraf olmaq arzularının reallaşmasına dəstək göstərməkdir.

Təlim zamanı fotoqrafiya sənətinin əsasını təşkil edən amillər - fotokompozisiya, işıqlandırma, rakurs, ekspozisiya və digər məqamlar, eləcə də yeni rəqəmsal texnologiyaların imkanları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, bu gün müasir fotoqrafiya həm də geniş dünyagörüşü tələb edir. Bunun üçün fotoqraf müxtəlif elmlərdən, cəmiyyətdə baş verən hadisələrdən xəbərdar, cəsarətli, vətənpərvər olmalı, müasir texnologiyalardan məlumatlı, yüksək zövqlü olmalıdır.

Mühazirədən sonra gəncləri maraqlandıran suallar ətrafında diskussiya olub.

Qeyd edək ki, İsrafil Ağazadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.V.Qalperinin emalatxanasında təhsil alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. İsrafil Ağazadə müxtəlif janrlarda, xüsusən də portret, şəhər həyatı, idman janrlarında fotoların müəllifidir.

Məlumat üçün bildirək ki, Masallıda açılan “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbi regionlarda istedadlı, xüsusi qabiliyyətli gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə, tarixə bağlı ruhda böyüməsi istiqamətində fəaliyyət göstərir. İncəsənət Məktəbində eyni zamanda müxtəlif sərgi, tədbir, təqdimat və təlimlər keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.