MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzi Naxçıvan məktəblilərində zəngin təəssürat yaradıb
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 25-də Bakıda Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, tanışlıq zamanı məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərimizin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub.
Məlumat verilib ki, muzey ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində səsli formatda təqdim edilir.
Qonaqlar, həmçinin Mərkəzdə nümayiş etdirilən “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Ölkəmizin milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyaya naxçıvanlı məktəblilərin diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.
Məktəblilər Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə də tanış olublar.