MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrının təqdimatında “Ad” tamaşası nümayiş olunub

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Heydər Əliyev Mərkəzində Rusiyanın “Atelye” teatrı (Müstəqil teatral layihə) “Ad” tamaşasını təqdim edib. Məşhur “Ad” (“Le Prenom”) pyesinin müəllifləri fransız dramaturqlar Aleksandr de la Patelyer və Matye Delaportdur.

AZƏRTAC xəbər verir ki, “Ad” tamaşasının quruluşçu rejissoru Daynyus Kazlauskasdır. Səhnə əsərində rolları Mariya Kulikova (Marqarita), Georgi Dronov (Leonid), Konstantin Yuşkeviç (Andrey), Mariya Rışenkova (Anna) və Anton Eldarov (Yevgeni) oynayıblar.

Pyesin süjet xətti həyatdan götürülüb: şam yeməyində ailənin yeni doğulmuş üzvünə qoyulacaq ad müzakirə olunur. Sevgi və intriqanı əks etdirən səhnə əsəri tamaşaçılara xoş anlar bəxş edib.

Qeyd edək ki, “Ad” pyesinin çox uğurlu taleyi olub. Əsər əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası 2010-cu ildə Parisdə VII Eduard Teatrında keçirilib və pyes bu səhnədə 243 dəfədən çox oynanılıb. Premyeradan sonrakı iki həftə ərzində Avropanın əksər ölkələrinin, eyni zamanda, İsrailin, Latın Amerikası ölkələrinin və ABŞ-ın nüfuzlu teatrları pyesin səhnələşdirilməsi hüququnu əldə edib. 2012-ci ildə əsər eyni adla ekranlaşdırılıb və 2013-cü ildə Fransada 2 nominasiyada “Sezar” kino mükafatına layiq görülüb.

“Atelye” teatrının təqdimatında “Ad” tamaşasının premyerası 2016-cı il yanvarın 31-də olub.

“Atelye” Rusiyada fəaliyyət göstərən böyük özəl teatrdır. Tamaşaları yüksək səviyyəli peşəkarların ərsəyə gətirməsi, rolları ən güclü səhnə ulduzlarının oynaması, səhnələşdirmək üçün yalnız müasir tamaşaçıların rəğbətini qazanmış pyeslərin seçilməsi teatrın əsas prinsipləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.