MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzində “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi keçiriləcəkdir VİDEO
Bakı, 11 mart (AZƏRTAC). Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihə həyata keçirəcəkdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, martın 18-də - Novruz ərəfəsindəki son çərşənbə bayramı günündə Heydər Əliyev Mərkəzinin parkında “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunacaqdır. Həmin gün Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənəcəkdir.
Qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Təntənə hələ Novruzdan əvvəl - ilaxır çərşənbələrdən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri vardır. Onun əsas atributlarından biri isə səmənidir. Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yazqabağı “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə etmişlər. Əsrlər dəyişmiş, sivilizasiya inkişaf etmiş, müxtəlif tarixi dönəmlərdə yasaqlar qoyulmuş, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri, rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarmışdır.
Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.
Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - “Səməni” Beynəlxalq incəsənət müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə çatdırmaqla yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.
Martın 18-də keçiriləcək müsabiqədə bu 32 əsər arasından ilk 3 yerin sahibləri səsvermə yolu ilə müəyyən olunacaqdır. Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcəkdir.
Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında “Küknar” Beynəlxalq sərgi-müsabiqəsi keçirmiş, 18 yerli və xarici rəssam və heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim etmiş, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılmışdır. Nadir görkəmli küknarlar 2 ay Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunmuşdur.