MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzində dünya şöhrətli Kitaronun konserti keçiriləcəkdir VİDEO
Bakı, 4 fevral (AZƏRTAC). Yaponiyanın dünya şöhrətli bəstəkarı və musiqiçisi, “Qremmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kitaro martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcəkdir.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, əfsanəvi Kitaro Bakıya “Son çağırış” (“Final call”) adlı yeni proqramı ilə gəlir.
Kitaronun “Son çağırış” musiqi albomu 2014-cü ildə 56-cı “Qremmi” mükafatının nominantlarından olmuşdur.
Otuz illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi Heydər Əliyev Mərkəzində tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcəkdir.
Əsl adı Masanori Takahaşi olan, etnik motivlərlə elektron alətlərin elementlərini özündə birləşdirən Kitaro “Nyu eyc” (“New age”) janrının tanınmış simalarındandır. Musiqi təhsili olmayan Kitaro musiqinin incəliklərinə müstəqil yiyələnmişdir. O, klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir. Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısıdır.
1993-cü ildə “Səma və torpaq” kinofilminə bəstələdiyi musiqiyə görə “Qızıl qlobus” mükafatı alan Kitaro bir neçə dəfə “Qremmi”yə nominant olmuşdur. 2001-ci ildə isə bəstəkarın “Səni düşünürəm” (“Thinking of you”) albomu “Qremmi” mükafatına layiq görülmüşdür.