CƏMİYYƏT
Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılacaq VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rənglə işıqlandırılacaq.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə idarə heyətinin əməkdaşlığı nəticəsində həmin gün Bakının yeni memarlıq rəmzi olan Heydər Əliyev Mərkəzi təşkilatın mavi rəngində işıqlandırılacaq. Avstraliya Sidney Opera Evindən başlayaraq Misirin Qiza şəhərindəki böyük piramidalara qədər, Rio-de-Janeyro şəhərindəki İsa Məsih abidəsindən Nyu-York şəhərindəki “Empire State Building”ə qədər dünyanın bir çox tanınmış abidələri mavi rənglə işıqlandırılacaq. Aksiya iştirakçıları sırasında Rusiyanın Dövlət Ermitaj Muzeyi, İordaniyanın qədim Petra şəhəri, İtaliyanın Piza şəhərindəki Əyilən Qüllə, Birləşmiş Krallığın Edinburq Qəsri və Vestminster Sarayı, Cənubi Afrikanın Teybl Dağı, Yaponiyanın SkayTri Qülləsi, İspaniyanın Əlhambra Sarayı və bir çox digər məşhur abidələr var.
“Sülh, inkişaf və insan hüquqlarına BMT-nin göstərdiyi dəstəyin 70 illiyini qeyd etmək üçün böyük həvəs və çoşqu nümayiş etdirdiklərinə görə üzv dövlətlərə minnətdaram. Bir günlük dünyanı BMT-nin mavi rənginə boyamaqla biz daha yaxşı bir sabah üçün yolu işıqlandıra bilərik”, - deyə BMT-nin baş katibi Pan Gi Mun bildirib.
Bu qlobal aksiya Yeni Zelandiyadan başlayacaq, Avstraliyada Sidney Opera Evinin işıqlandırılması ilə davam edəcək. Nəhayət, dünya abidələri bu beynəlxalq tədbirə qatıldıqca BMT-nin mavi rəng dalğası ölkələrə və qitələrə səyahət edəcək.
“Bu kampaniyada iştirak Azərbaycanın və bütün azərbaycanlıların BMT-nin ləyaqətli həyat və firavanlıq prinsiplərinə olan sadiqliyini nümayiş etdirmək imkanı yaradır. Biz Mərkəzin binasını işıqlandırmaqla BMT-nin bu aksiyasına dəstək verməkdən məmnunuq”, - deyə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qeyd edib.
Bundan başqa, Nyu-Yorkda ənənəvi BMT Günü konserti təşkil olunacaq və oktyabrın 23-24-də BMT-nin mənzil qərargahı iki gün ərzində mavi rənglə işıqlandırılacaq.
Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incisi kimi tanınır və ilk gündən müasir Bakının memarlıq simvoluna çevrilib. Mərkəzin binası 2012-ci ildə ABŞ-ın “Business Insider” jurnalı tərəfindən on ən cəlbedici yeni tikili arasında yer alıb. “Architectural Digest” tərəfindən tərtib edilən dünyanın ən gözəl memarlıq abidələri siyahısında isə Heydər Əliyev Mərkəzinin binası ilk beşlikdə yer alıb. Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin “İlin Dizayni 2014” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Layihənin memarı Zaha Hadid bu müsabiqədə birincilik qazanan ilk qadın olub və nüfuzlu “Pritzker” Memarlıq Mükafatının laureatıdır.