MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzinin binası üzərində videoinstallyasiya nümayiş etdirilmişdir VİDEO
Bakı, 28 aprel (AZƏRTAC, Gözəl Ağayeva). Aprelin 27-də Heydər Əliyev Mərkəzinin binası üzərində videomappinq-installyasiya nümayiş etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, installyasiyanın süjeti Azərbaycan incəsənətini əhatə etmişdir.
Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günədək Azərbaycan incəsənətinin müxtəlif dövrlərinə səyahət etmiş, ən mühüm hadisələri, ən maraqlı və dəyərli sənət nümunələrini bu müasir audio-vizual formatda izləmişlər.
Müasir audio-vizual formatda təqdim olunan görüntülər, o cümlədən Azərbaycan xalçaları, Dədə Qorqud, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin görüntüləri böyük maraqla izlənilmişdir.
İnstallyasiya tanınmış pianoçu və bəstəkar, Əməkdar Artist İsfar Sarabskinin musiqisi ilə müşayiət olunmuşdur.
Videoinstallyasiya “Hypnotica Visual Performance” komandası tərəfindən təqdim edilmişdir.