MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayı fiziki qüsurlu, əlil və kimsəsiz uşaqlar üçün səyyar konsertlər təşkil edib
Bakı, 30 noyabr, AZƏRTAC
Əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarından biri kimi fiziki qüsurlu, əlil və kimsəsiz uşaqlar Heydər Əliyev Sarayının qayğı və diqqətindən kənarda qalmır.
Saraydan AZƏRTAC-a bildirilib ki, noyabrın 16, 17, 22, 24, 26-sı tarixlərində Heydər Əliyev Sarayının dəstəyi ilə 1 nömrəli psixo-nevroloji sosial müdafiə mərkəzində, Daun sindromlu şəxslərin assosiasiyasında, 1 nömrəli fiziki imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində, 7 nömrəli uşaq nevroloji sanatoriyasında və 8 nömrəli sanatoriya tipli internat məktəbində növbəti səyyar konsertləri keçirib.
Səyyar konsertlərində Əməkdar Artist Səlim Abbasov, gənc və istedadlı müğənnilər Şəhla Həmidova, Vüqar Qarabağlı, Telman Kərimov, Nicat Cəfərzadə və digər ifaçılarla yanaşı, “Şarm” qrupu da iştirak edib. Konsertdə səsləndirilən aşıq havaları, xalq və bəstəkar mahnıları, estrada ifaları uşaqların zövqünü oxşayıb.
Səyyar konsertləri keçirtməkdə məqsəd fiziki qüsurlu, əlil, kimsəsiz uşaqlara mənəvi dayaq olmaq, onların istirahət vaxtlarını səmərəli keçirmələrinə imkan yaradaraq əhval - ruhiyyələrini yaxşılaşdırmaqdan ibarətdir.
Heydər Əliyev Sarayı tərəfindən fiziki sağlamlığını itirmiş əlillərə, kimsəsiz uşaqlara diqqət, qayğı daim göstərilib və bundan sonrada yüksək səviyyədə göstəriləcəkdir.