MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında Ümummilli Liderin xatirəsi anılıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasim iştirakçıları Ümummilli Lideri dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə sarayın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Fərhad Babayev Ümummilli Liderin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartmasındakı xüsusi rolunu qeyd edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış ediblər.
Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət ediblər.